...

Milli Məclis Aparatının sədri: "Dairə seçki komissiyalarının yanında şikayətlərə baxan komissiyalar yaradılacaq"

Siyasət Materials 28 Sentyabr 2007 12:58 (UTC +04:00)
Milli Məclis Aparatının sədri: "Dairə seçki komissiyalarının yanında şikayətlərə baxan komissiyalar yaradılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda dairə seçki komissiyalarının yanında şikayətlər üzrə komissiya yaradıla bilər. Bu barədə Trend ə Milli Məclis Aparatının sədri Səfa Mirzəyev açıqlama verib.

Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün Avropa Şurası Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında müzakirələr aparılır. Növbəti belə müzakirələr noyabrda Bakıda keçiriləcək və ora siyasi partiyalar da dəvət olunacaq.

Milli Məclis Aparatının rəhbəri bildirib ki, hökumətin Venesiya Komissiyasına təqdim etdiyi ən sonuncu təkliflər layihəsində irəli sürülən yeni təklif seçki prosesində verilən şikayətlərin araşdırılması üçün peşəkar strukturun yaradılması ilə bağlıdır. Təklifə görə, dairə seçki komissiyalarının yanında şikayətlərə baxılması üzrə komissiya yaradılmalı, seçki prosesində baş verən pozuntularla bağlı şikayətlərə operativ şəkildə baxıb öz rəyini verməlidir. Bu rəyi nəzərə alaraq dairə seçki komissiyası həmin şikayətlə bağlı qərar çıxarmalıdır.

Mirzəyev bildirib ki, təklif reallaşsa, komissiyalarda peşəkar insanlar, əsasən hüquqşünaslar təmsil olunacaqlar. Onun sözlərinə görə, şikayətlərə baxan komissiyanın rəyi həlledici olmayacaq, çünki son qərarı seçki komissiyası verəcək: "Amma əgər seçki komissiyaları rəy verən komissiyaların peşəkarlığına inanırsa, deməli, rəyi nəzərə ala bilər" - deyə Mirzəyev bildirib.

Şikayətələr üzrə komissiyanın üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin olunacaq. Milli Məclis Aparatının rəhbəri bildirib ki, komissiyalara peşəkar insanların təyin edilməsi üçün həm mövcud potensialdan istifadə etmək, həm də yeni kadrlar hazırlamaq lazımdır.

Mirzəyevin dediyinə görə, gələn il Azərbaycanda keçiriləcək prezident seçkisinə qədər həmin yeni komissiyaların yaradılması reallaşacaq.

Xəbər lenti

Xəbər lenti