...

Tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını icra etməyənlər həbs olunacaq

Siyasət Materials 30 Oktyabr 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Mülki və Cinayət Məcəllələrinə əlavə və dəyişikliklər bu gündən qüvvəyə minib.

Qanunla Mülki Məcəlləyə 180.4-cü maddə əlavə edilib. Həmin maddədə qeyd olunub ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Cinayət Məcəlləsinə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə ilə bağlı 222-3-cü maddə əlavə edilib. Həmin maddədə bu cinayətə görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

222-3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaqı aparan dövlət orqanı barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etmək Nazirlər Kabinetinə tapşırılıb.

Həmçinin Cinayət Məcəlləsindəki 222-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma), 222-1-ci (Özbaşına tikinti işləri aparma),314-2-ci (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələrinə dəyişikliklər olunub.

Xəbər lenti

Xəbər lenti