...

AMİP-in Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməsi baş tutmadı

Siyasət Materials 12 Dekabr 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə bu gün Apellyasiya Məhkəməsində keçirilməsi planlaşdırılan iclas baş tutmadı. Bu barədə Trend ə AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

AMİP Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın piketlərinə izacə verməməsi barədə qərarlarından Səbail rayon məhkəməsinə şikayət vermişdi. Məhkəmədən tələb olunurdu ki, partiya üzvlərinin sərbəst toplaşmaq azadlığı təmin olunsun və Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülsün. Lakin Səbail rayon məhkəməsi oktyabrın 22-də şikayətin təmin olunmaması barədə qərar çıxarıb.

Həmin qərardan apellyasiya şikayəti verilib. Bu gün - dekabrın 12-də saat 14.00-da Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə apellyasiya şikayətinə baxılmalı idi. Lakin proses nəzərdə tutulan vaxtda keçirilməyib və məhkəmədən bildirilib ki, iclas saat 15-dən sonraya qeyri-müəyyən vaxta təyin edilib.

AMİP nümayəndələri buna etiraz olaraq məhkəmə binasını tərk ediblər. Orucov bildirib ki, qarşıdakı saatlarda keçiriləcək məhkəmə iclasında iştirak etməyəcəklər: "Məhkəmənin başqa planları var idisə, bu barədə əvvəldən bizi xəbərdar etməli idilər. Biz məhkəmənin bu hərəkətini özümüzə qarşı hörmətsizlik kimi qəbul edirik" - deyə AMİP funksioneri bildirib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti