...

Üzvlərindən biri Müsavat Partiyasını məhkəməyə verəcək

Siyasət Materials 14 Yanvar 2008 14:44 (UTC +04:00)
Üzvlərindən biri Müsavat Partiyasını məhkəməyə verəcək

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Müxalifəti təmsil edən Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru partiyanı məhkəməyə verəcək. "Müsavatın Avropa Liberal-Demokrat İslahatçı Partiyalar İttifaqına üzv olması ilə bağlı qərarın ləğv olunması üçün partiyanı məhkəməyə verəcəm" - deyə bazar ertəsi Trend ə açıqlamasında Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Müsavat Partiyasının Avropa Liberal-Demokrat İslahatçı Partiyalar İttifaqına (ALDİPİ) üzv olması ilə bağlı qərar 2006-cı il dekabrın 23-də partiya Məclisində qəbul edilib. ALDİPİ-nin oktyabrın 18-də Berlində keçirilən qurultayında Müsavat Partiyası bu quruma üzv qəbul olunub. Partiyanı Milli Məclisdə təmsil edən deputat Nəsib Nəsibli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Arifoğlu qərarın yanlış olduğunu bildiriblər. Nəsibli ALDİPİ-nın mahiyyəti ilə Müsavatçılığın mahiyyəti, hazırkı proqramı, Müsavatın tarixi irsi və Məramnaməsinin bir araya sığmadığına görə partiya Məclisindən istefa verdiyini açıqlayıb.

Arifoğlu Müsavat Partiyasının ALDİPİ-ya üzv olmasının Nizamnamə, Məramnamə və Proqrama uyğun olub-olmaması məsələsinin araşdırılması və qərarın ləğv olunması üçün ərizə ilə MNTK-ya müraciət edib. Lakin MNTK-a Arifoğlunun müraciətini təmin etməyib.

Arifoğlu 2001-2005-ci ildə Müsavat başqanının müavini olub.

Arifoğlu qeyd edib ki, MNTK-nın iclası ilə bağlı ona təqdim olunan sənəddə nə imza, nə də möhür var: "MNTK-nın qərarı orfoqrafik səhvlərlə dolu qarışıq cümlələr və fikirlərdən ibarət söz yığnağıdır. MNTK-a hesab edir ki, mənim şikayətim əsassızdır, Müsavatın ALDİPİ-na qəbul olunması zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Mənim təqdim etdiyim faktların heç biri dəyərləndirilməyib, öyrənilməyib və təhrif olunub. Mən bu dərəcədə absurd bir iclas və qərar gözləmirdim. MNTK-nın qərarından narazıyam. Ona görə də mən məcburam ki, həqiqəti başqa yerdə axtarım".

Baş redaktor bildirib ki, eyni zamanda, Müsavat Partiyasının MNTK-sını məhkəməyə vermək imkanlarını araşdıracaq: "Sənədləri hazırlayıb prezident seçkilərindən sonra məhkəməyə müraciət edəcəm. Mən prinsiplərimdən və doğru bildiyim işdən geri cəkilmək fikrində deyiləm".

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya Parlamentdə dörd nəfər deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti