...

İran-ABŞ münaqişəsi yalnız nüvə məsələsindən ibarət deyil, daha genişdir - İran inqilabının ideoloqu

Siyasət Materials 29 Fevral 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir D.Xatınoğlu/ ABŞ ilə İran arasında "soyuq müharibə"nin aradan qaldırılması üçün iki ölkənin diolaq aparması real görünmür. "İran-ABŞ münaqişəsi yalnız nüvə məsələsindən ibarət deyil, daha genişdir" - deyə İran inqilabının ideoloqu Sadiq Zibakəlam Trend a bildirib.

ABŞ prezidenti Corc Buş fevralın 28-də mətbuat konfransında bildirib ki, İran və ABŞ arasında dioloq və müzakirələrin aparılması ölkə mənafeyinə ziddir və rəsmi Tehranla müzakirələrin nəticəsi olmayacaq. İRNA-nın keçən həftə yaydığı məlumata əsasən, İranın XİN rəhbəri Mənuçehr Müttəki bildirib ki, İran-ABŞ arasında nüvə məsələsindən əlavə daha ciddi problemlər mövcuddur.

"İran İnqilabından 30 il keçib və bu illər ərzində ABŞ-la İran arasında ziddiyyətlər o həddə çatıb ki, iki ölkə arasında nüvə məsələsi üzrə dialoqun baş tutması inandırıcı deyil" - deyə Tehran Universitetinin siyasi elmlər üzrə professoru Zibakəlam cümə günü telefonla bildirib.

Rəsmi Tehran 1979-cu ildəki inqilabdan sonra ABŞ-ın İrandakı səfirliyinə hücum edib, diplomatların 444 gün girovda saxlanılması isə iki ölkə arasında münasibətlərin pozulması ilə nəticələnib. Hazırda ABŞ İranın nüvə planını dayandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının (TŞ) İran əleyhinə üçüncü Qətnaməsinin qəbul edilməsinə çalışır.

Zibakəlam bildirib ki, İran İraq, Fələstin və Livandakı müqavimət qüvvələrinə dəstək verdiyi üçün ABŞ və İran arasında ziddiyyətlər daha da artırıb. "ABŞ-ın MAQATE-yə təzyiqi ucbatından İranın nüvə qovluğu BMT Təhlükəsizlik Şürasına göndərildi və bu ölkə əleyhinə iki Qətnamə qəbul olundu. Rəsmi Tehran əleyhinə tətbiq olunan Qətnamələr İranın tamamilə təcrid olunması, gərgin vəziyyətə düşməsi ilə nəticələnməyib və nəticələnməyəcək. Dünyada bir çox ölkələr İran əleyhinə sanksiyaları dəstəkləmir" - deyə Zibakəlam bildirib.

BBC-nin bu gün yaydığı məlumata əsasən, Cənubi Afrikanın BMT-də nümayəndəsi Əbdu Minti İran əleyhinə 3-cü Qətnamənin qəbuluna qarşı olduğunu bildirərək, rəsmi Tehranın dünyadan təcrid olması halının təhlükəli olmasını vurğulayıb.

Zibakəlam bildirib ki, yalnız Cənubi Afrika deyil, BMT-nin bəzi üzvləri, xüsusilə Liviya, Vyetnam, Tayland da İran əleyhinə 3-cü Qətnamənin əleyhinədirlər. Onun fikrincə isə, bu ölkələr də son nəticədə ABŞ-ın təzyiqi altında İran əleyhinə yeni sanksiyalara qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti