Azərbaycan, Bakı, 03 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Vəhdət Partiyası iqtidaryönlü partiyaların təmsil olunduğu Məşvərət Məclisində təmsil oluna bilər. Bu barədə bazar ertəsi Trend a partiyanın sədr müavini Vidadi Fərəcov məlumat verib.
1998-ci ildə yaradılan Məşvərət Məclisində Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və Azərbaycan Naminə Alyans partiyaları təmsil olunur. Ötən həftədən etibarən Məşvərət Məclisinə sədrlik YAP-a həvalə olunub.
Fərəcov deyib ki, Vəhdət Partiyası hakimiyyətin həyata keçirdiyi siyasəti dəstəkləyir. Məşvərət Məclisində isə bu qəbldən olan partiyalar cəmləşib. "Partiyanın Siyasi Şurası Məşvərət Məclisinin iclaslarında iştirakla bağlı qərar verib. Üzvlüklə bağlı isə qərarımız hələ yoxdur. YAP-ın bu quruma sədrliyi bizim quruma daxil olmaq üçün müraciət etməyimizə zəmin yaradıb. Ola bilər ki, belə bir müraciət olunsun" Fərəcov əlavə edib.
YAP-dan isə Trend a bildirilib ki, müraciət olunacağı təqdirdə Vəhdət Partiyasının Məşvərət Məclisinə qoşulması məsələsi müzakirəyə çıxarıla bilər.