...

Azərbaycanda yeni intellektual sinif formalaşdırmağa çalışacağıq – Elxan Nuriyev

Siyasət Materials 9 Aprel 2008 17:29 (UTC +04:00)
Azərbaycanda yeni intellektual sinif formalaşdırmağa çalışacağıq – Elxan Nuriyev

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elxan Nuriyevin Trend a müsahibəsi

- Strateji Araşdırmalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri və görəcəyi işlər nədən ibarətdir?

- Mərkəzin əsas fəaliyyəti Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, məsləhətlər, tövsiyələr verməkdir.

Mərkəz Bakıda və xaricdə müxtəlif konfranslar, simpoziumlar keçirməyi planlaşdırır.

Dünyada peşəkar politexnoloqlar var ki, onlar xarici və daxili siyasətin müxtəlif vektorlarını müəyyənləşdirirlər. Bu mütəxəssislər dövlət siyasəti, strategiyası ilə bağlı proqramlar üzərində çalışırlar. Konkret olaraq Qərb dövlətlərində bu sistem o qədər güclü formalaşıb ki, bu ölkələrdə bir neçə "beyin fabrikləri" fəaliyyət göstərir və onların çox böyük təcrübəsi var. Bu beyin mərkəzləri həm hökumətə, həm də qeyri-hökumət təşkilatlarına, ictimaiyyətə xidmət edir. Belə mərkəzlər, əsasən, dünya siyasətini, regional prosesləri izləyib təhlil edir, analitik yazılar, məqalələr, kitablar, jurnallar nəşr edirlər. Qərbdə bu sistem, yəni beyin mərkəzləri artıq siyasi landşaftın atributu kimi formalaşıblar.

Azərbaycanda da beyin mərkəzi formalaşdırmaq üçün şərait, intellektual potensial, mütəxəssislər, analitik tədqiqat aparmaq imkanları var. Biz siyasi texnologiya və innovasiyadan dövlət idarəçiliyində istifadə edə bilərik. Ona görə də, 2007-ci ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev Strateji Araşdırmalar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Fevralın 8-də Mərkəzin rəhbəri təyin olunub.

Bizim fəaliyyətimiz bir neçə vacib istiqamətlərdə formalaşır, bunlar - dünyada cərəyan edən geopolitk prosesləri, dünya siyasətini izləmək, təhlil etmək, proqnozlar vermək, ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparmaq, bütün bu işlər əsasında müxtəlif proqramlar, konsepsiyalar hazırlamaqdır.

Biz, əsasən, dövlət siyasətinə, beynəlxalq, regional təhlükəsizlik məsələlərinə toxunacağıq. Vaxtında, düzgün və keyfiyyətli təklif və tövsiyələr hazırlayacaq, sonra dövlət rəhbərliyinə təqdim edəcəyik. Yaxın gələcəkdə ictimaiyyəti, mətbuatı gördüyümüz işlər barədə məlumatlandıracağıq.

Biz, həmçinin, hakimiyyət orqanları və institutlarının fəaliyyətinin koordinasiyasını da nəzərdə tuturuq. Mərkəz onlara dəstək olaraq, elmi və analitik materiallar verəcək, həm də onlardan lazımi informasiyaları alacaq. Bunun üçün dövlət orqanlarına məlumatlar sifariş verəcək, əldə etdiyimiz materiallar əsasında təkliflər hazırlanacaq.

Bizim işimiz çərçivəsində media layihələri də olacaq, KİV-lə sıx əməkdaşlıq etməyə çalışacağıq.

Siyasi milli proqramlar, lobbiçilik proqramları da hazırlanacaq. Çalışacağıq ki, müxtəlif vəzifələri yeni konfiqurasiyada quraq, tədqiqat qrupları, ekspertlər arasında

əməkdaşlıq yaradaq.

Mərkəzin ümumilikdə bütün fəaliyyəti Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun olacaq. Məqsədimiz həm də Azərbaycanda siyasi analitikanı bir elm kimi formalaşdırmaq, onun əsasında elmi-analitik xarakterli strateji proqramlar, məqalələr, yazılar hazırlamaqdır.

- Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqələriniz hansı səviyyədə olacaq, onların mövqeləri sizin Mərkəz tərəfindən nəzərə alınacaqmı?

- Vətəndaş cəmiyyəti ilə biz ətraflı məşğul olacağıq. Bu, daxili siyasətə aid olan çox önəmli bir məsələdir. Əlbəttə , vətəndaş cəmiyyətinin nümayəndələri, ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq etməyə çalışacağıq. Daxili siyasi prosesləri izləyərək təhlillər aparacağıq. Daxili siyasətdən söhbət gedirkən, deyim ki, biz cəmiyyətə faydalı olan siyasi milli proqramlar, konsepsiya və doktrinalar hazırlayacağıq. Bunları dövlət başçısına təqdim edəcəyik.

Vətəndaş cəmiyyətinin, müxalifətin nümayəndələri bizim keçirəcəyimiz konfranslara, seminarlar və simpoziumlara dəvət olunacaqlar. Hər bir ekspert gəlib bizim tədbirlərdə iştirak edə, öz sözünü deyə bilər. Ümumiyyətlə, biz ciddi ekspertlərlə əməkdaşlıq etmək fikrindəyik.

Ölkədə ciddi siyasi analitikanın formalaşmasında daxili siyasət amili vacibdir. Amma biz daha çox xarici siyasəti, regional sabitlik, təhlükəsizlik məsələlərini təhlil edəcəyik. Çünki beynəlxalq arenaya, regional səhnəyə çıxmaq niyyətindəyik.

Mən uzun müddət Qərb ölkələrində, Amerikada beyin mərkəzlərində, politoloji institutlarda siyasətşünas mütəxəssis kimi çalışmışam. Orada həm nəzəriyyə, həm təcrübə baxımından çox şey öyrənmişəm və bu gün onlardan istifadəyə çalışıram. Bizim artıq xarici ölkələrdəki beyin mərkəzləri ilə əlaqələrimiz qurulur. Bu günlərdə Moskvada Karnegi Mərkəzi ilə birgə konfrans keçirdik. Rusiya ekspertləri də bildirdilər ki, bu Mərkəzlər arasında əməkdaşlıq önəmlidir. Bu, bizim ilk addımımız idi. Bizim digər planlarımız da var; başqa ölkələrdə, Avrpada, Amerikada, Şərq ölkələrində də belə tədbirlər keçirmək istəyirik.

İstəyirik ki politoloji, analitika baxmından Azərbaycan dünya siyasətinin fokusunda, mərkəzində olsun.

- Bu il Azərbaycanda prezident seçkisi ilə bağlı sizin Mərkəz hansısa tövsiyələr, proqramlar hazırlayıb təqdim edəcəkmi?

- Bəli, biz bunu da düşünürük. Prezident seçkisi dövründə siyasi reytinqə aid proqram və layihələr, sosioloji sorğuların həyata keçirilməsi, bir neçə konfrans və seminarların təşkili planlaşdırılır.

Ümumiyyətlə, seçkilərdə təkcə daxili siyasətdən söhbət getmir, xarici siyasətdən də danışılır, prezidentliyə namizəd öz platformasında xarici siyasətə, regional təhlükəsizliyə dair mövqeyini açıqlayır. Biz bu məsələləri də diqqətdə saxlayacağıq. Düşünürəm ki, yaxın gələcəkdə, konkret olaraq, payız aylarında bu barədə daha ətraflı açıqlamalar veriləcək.

Əsas istəyimiz həm də odur ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi nəinki yerli, həm də regional səviyyədə əsl beyin mərkəzinə çevrilsin. Eyni zamanda, çalışacağıq ki, regionda öz yerimizi tutaq və intellektual potensialımızdan istifadə edərək, Azərbaycanda yeni intellektual sinif formalaşdıraq.

Biz həm də bugünkü reallığı, mövcud situasiyanı təhlil edərək, gələcəyə də baxırıq. Mərkəzimiz gələcəyə dair tövsiyə və proqnozlar verməklə, proqnozlaşdırma işi ilə məşğul olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti