...

Müxalifət partiyaları beynəlxalq qurumların prezident seçkisi ilə bağlı dəstəyinə inam nümayiş etdirmirlər

Siyasət Materials 30 Aprel 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.İlhamqızı/ Müxalifət partiyaları beynəlxalq qurumların prezident seçkisinə dair dəstək proqramına inam nümayiş etdirmirlər.

"İndiyədək dəfələrlə seçkiqabağı səs-küylü açıqlamalar verilib, amma bu dəstəyin effektiv nəticəsi olmayıb"-deyə müxalifətçi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend a açıqlamasında bildirib.

ATƏT, Avropa Şurası və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri bu gün ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı dəstək proqramını açıqlayıb. Dəstək proqramında göstərilib ki, seçki prosesinə cəlb olunmuş icra strukturları və iştirakçılarının bacarıq və müstəqilliyini gücləndirmək, bütün namizədlərin seçki kampaniyalarının müstəqil, qərəzsiz yayımını təmin edən media mühitinə öz töhvəsini vermək, toplaşma azadlığı hüququnun müvafiq tətbiqinə dəstək vermək, eləcə də ictimaiyyətin seçki prosesinə marağını artırmaq vacibdir.

ADP prezident seçkisində Cəlaloğlunun namizədliyini irəli sürməyə qərar verib. Cəlaloğlu bildirib ki, beynəlxalq qurumların namizədlərin seçki kampaniyasına dəstəyinin hansı effekt verəcəyi elə seçki prosesində bilinəcək: "Əvvəlki seçki təcrübəsini nəzərə alaraq, bu dəfə beynəlxalq qurumların yardımlarına ümid bəsləməyə tələsmirəm"-deyə ADP sədri bildirib.

Müxalifətçi Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu hesab edir ki, beynəlxalq qurumların seçki prosesini diqqətdə saxlamasını və dəstək niyyətlərini müsbət qarşılayır. Lakin o da hesab edir ki, beynəlxalq təşkilatların layihələrinin əsl məqsədi məhz seçki dövründə məlum olacaq: "Ola bilər ki, öz büdcə xərclərini silmək, şəxsi korporativ maraqlarını təmin etmək üçün belə layihələr həyata keçirirlər. Həmçinin bu, hakimiyyətin, hansısa partiyaların maraqlarını təmin etməyə yönələ bilər. Bu yardımların həqiqətən də Azərbaycanda demokartiyaya, azad, şəffaf seçki keçirilməsinə, bütün namizədlərin hüquqlarının müdafiəsinə yönəlib-yönəlmədiyini seçki zamanı görəcəyik"-deyə Qəzənfəroğlu Trend a açıqlamasında bildirib.

Onun sözlərinə görə, əvvəlki seçkilərdə bu beynəlxalq qurumlar bütün namizədlərə deyil, konkret partiya və ya bloklara QHT-lər vasitəsi ilə maliyyə yardımları göstərirdilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti