Azərbaycan, Bakı, 06 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti əhalinin kasıb təbəqəsinə verilən ünvanlı sosial yardımın müddətini 6 aydan 1 ilə qədər artıracaq. "Hazırda ünvanlı sosial yardımlar 6 ay müddətinə verilir. Prezident İlham Əliyev ünvanlı sosial yardımların verilməsi müddətinin 1 ilə qədər artırılması haqqında göstəriş verib" deyə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Parlamentinin Sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.
"Bundan başqa, qanunun tələblərinə görə, ünvanlı sosial yardım almaq istəyən ailələr təqdim etdikləri sənədlərdə hər hansı yalnışlığa yol verərlərsə, 2 il müddətinə ünvanlı sosial yardım ala bilməzlər. Bu müddət isə 1 ilə qədər endiriləcək" deyə komissiya sədri əlavə edib.
Onun sözlərinə görə, başqa bir dəyişikliyə əsasən, ərizənin ayın hansı günündə təqdim edilməsindən asılı olmayaraq, yardımlar həmin ayın 1-dən hesablanacaq.
Rəcəbli qeyd edib ki, həmçinin ünvanlı sosial yardımların miqdarı artırılacaq. O qeyd edib ki, bunun üçün ehtiyac meyarı artırılacaq və hazırda bununla bağlı müzakirələr gedir: "Hazırda ehtiyac meyarı 45 manatdır. Azərbaycanın imkanı var ki, bu miqdarı artırsın. 2008-ci ilin dövlət büdcəsi artırılan zaman, ehtiyat meyarın da artırılması üçün vəsait nəzərdə tutulub. Prezident İlham Əliyev bununla bağlı göstəriş verib və məsələ müzakirə olunur".
Rəcəbli qeyd edib ki, ünvanlı sosial yardımların verilməsi qaydalarının dəyişdirilməsi məsələsi mayın 17-də MM-in müzakirəsinə çıxarılacaq.