Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.Babayev/ Müxalifəti təmsil edən "Müsavat" Deputat Qrupu Milli Məclisə Azərbaycanın hərbi qulluqçularının sosial problemlərinin yaxşılaşdırılması ilə bağlı qanun layihəsi təqdim etmək niyyətindədir. "Biz hesab edirik ki, ərzaq məhsullarındakı mövcud qiymət artımı nəzərə alınmalı və hərbi qulluqçuların sosial problemlərinin həlli ilə bağlı addımlar atılmalıdır" - deyə bazar ertəsi Trend -a "Müsavat" Deputat Qrupunu təmsil edən Milli Məclisin Müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü, millət vəkili Pənah Hüseyn məlumat verib.
"Müsavat" Deputat Qrupuna 5 millət vəkili daxildir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri Daimi Komissiyasından Trend -a verilən məlumata görə, Azərbaycanda dövlət qulluğu vəzifələri 9 təsnifata bölünür. Ən yüksək vəzifə maaşı 1-ci təsnifatda olan dövlət qulluqçuları alır və onların vəzifə maaşları 1000 manatdan yuxarıdır. Ən aşağı isə 9-cu təsnifat sayılır və bura aid olanlar isə 100 manat əmək haqqı alır.
Hüseyn bildirib ki, ilk növbədə "Hərbi qulluqçuların statusu haqqında" qanunun tələblərinə əməl olunmalıdır. Bu qanunun 10-cu maddəsinə görə, hərbi qulluqçuların vəzifə maaşları, dövlət qulluqçularının orta əmək haqqından aşağı olmamalıdır. "İndiki halda buna əməl olunmur. Bundan başqa, zabitlərə hazırda 32 manat ərzaq pulu verilir. İndiki bahalaşma şəraitində bu olduqca azdır. Həmçinin mənzil təminatı ilə bağlı ciddi işlər görülməlidir. Subay zabitlərə indi kirayə ev tutmaq üçün 40 manat verilir. Bu pula nəinki Bakıda, heç regionlarda da ev kirayələmək mümkün deyil" - deyən millət vəkili əlavə edib ki, ordu və donanmanın xərcləri mövcud inflyasiyaya adekvat deyil. Onun sözlərinə görə, bunlarla yanaşı, həqiqi hərbi xidmətə çağırılan şəxslərin sığorta olunması bərpa edilməli, Cinayət Məcəlləsində hərbi qulluqçuların həbsi ilə bağlı müddəalar sadələşdirilməlidir. Millət vəkili hesab edir ki, Azərbaycanda hərbi qulluqçuların sosial durumu heç olmasa, inkişafına görə Azərbaycanla eyni səviyyədə olan ölkələrin hərbi quluqçularının vəziyyətinə uyğun olmalıdır. "Ümid edirik ki, Azərbaycan Ordusunun yaranmasının 90 illik yubileyi ərəfəsində bu istiqamətdə siyasi qərarlar olacaq" - deyə millət vəkili vurğulayıb.
Azərbaycan Ordusunun yaranmasının 90 illik yubileyi iyunun 26-da qeyd olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]