...

Azərbaycanın müxalifət liderləri seçkidə yüksək səs toplaya bilməyəcəklər –politoloq

Siyasət Materials 20 May 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın real müxalifət liderlərinin seçkidə qələbə qazanmaq imkanı yoxdur. "Müxalifət liderləri seçkidə 1-2 faiz səs alacaqlar" - çərşənbə axşamı Trend -a politoloq Zərdüşt Əlizadə deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Üç müxalifət partiyasını (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) özündə birləşdirən "Azadlıq" bloku seçkini boykot etmək niyyətindədir. Amma bu taktika digər müxalifət partiyaları tərəfindən dəstəklənmir. Belə ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil etdikləri partiyalar tərəfindən irəli sürülüb. Ümid, Klassik Xalq Cəbhəsi, Böyük Quruluş, Bütöv Azərbaycan, Demokratik İslahatlar partiyaları da seçkidə iştirak barədə qərar veriblər. Bir neçə gün öncə isə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) indiki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb.

Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin ortalarında gənclərlə görüşündə bildirib ki, partiya prezident seçkisinə son şans kimi yanaşıb bütün gücü ilə mübarizə aparacaq. Onun sözlərinə görə, prezident seçkisində 20-25 faiz səs alan siyasətçi siyasətdən getmək barədə ciddi düşünməlidir.

Qəmbər deyib ki, seçkidə yüksək səs faizi almayan partiya lideri özü getmirsə, partiya üzvləri onun siyasəti tərk etməsini təmin etməlidir. Onun sözlərinə görə, seçkidə 40 faiz səs almağı düşünür. "İstənilən seçkidə 40 faizdən aşağı səs alsam, ondan sonra heç bir seçkidə iştiraka iddia etmərəm. Başqalarına imkan yaradaram", Qəmbər əlavə edib.

Əlizadə hesab edir ki, prezident seçkisində müxalifətin üzdə olan liderlərinin qələbə qazanmaq şansı yoxdur. "Seçkidə nə AMİP lideri Etibar Məmmədovun, nə Müsavat başqanı İsa Qəmbərin, nə də ADP sədri Sərdar Cəlaloğlu və başqalarının real şansı yoxdur", poliotoloq əlavə edib. Əlizadənin sözlərinə görə, müxalifət o qədər ağır səhvlər buraxıb ki, xalq tərəfindən dəstəklənmir.

Politoloq hesab edir ki, müxalifət liderlərinin zamanı ötüb. "Hər bir siyasətçinin öz vaxtı var. İsa Qəmbərin şansı 2003-cü ildə idi. O, bu şansdan yararlana bilmədi. Etibar Məmmədov isə 1998-ci ildə daha şanslı olsa da, o da bu şansdan yararlana bilmədi", Əlizadə vurğulayıb.

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, partiyanın prezidentliyə namizədi Cəlaloğlu isə çərşənbə axşamı Trend -a prezident seçkisində müxalifətdən dəstək alacağına inanmadığını deyib. "Mən müsavatçıların, cəbhəçilərin və digər partiya mənsubiyyətli şəxslərin səslərini almağa ümid etmirəm", Cəlaloğlu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti