...

Venesiya Komissiyasının Azərbaycanın Seçki Qanunu ilə bağlı təklifləri qəbul edilib -komissiyanın üzvü

Siyasət Materials 3 İyun 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının təklifləri Seçki Məcəlləsinə daxil edilib. "Venesiya Komissiyasının təkliflərinin əksəriyyəti Azərbaycan hökuməti tərəfindən qəbul olunub", - deyə çərşənbə axşamı Trend -a eksklüziv açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov bildirib.

Azərbaycan parlamenti iyunun ikisində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Dəyişikliyə əsasən, seçki kampaniyası müddəti dörd aydan 75 günə endirilib, namizədlərin pul depoziti hesabına qeydiyata alınması ləğv edilib, namizədlərin qeydiyyata alınması üçün tələb olunan imzalar 45 mindən 40 minə endirilib, dövlətdən maliyyələşən televiziya (AzTV), radio və qəzetlərdə namizdlərin pullu və pulsuz təbliğat aparması qadağan olunub, prezidentliyə namizədlərin seçki fondu bir milyon manatdan on milyon manata, deputatlığa namizədlər üçünsə, 85 min manatdan 500 min manata qədər artırılıb, hərbi hissələrdə seçki məntəqələrinin yaradılması ləğv edilib, adı seçici siyahısına düşməyən şəxslərin seçki günü siyahıya daxil edilməsi səlahiyyəti məhkəmələrdən alınaraq, məntəqə seçki komissiyasına verilib, seçkilərdə "exit-poll" keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməsi tələbi irəli sürülüb.

Parlament, 100 deputat lehinə, 3 əleyhinə və 1 bitərəf qalmaqla, Seçki Məcəlləsinə əlavə və dəyihikliklər layihəsini qəbul edib.

Müxalifət partiyaları Seçki Məcəlləsinin bu formada dəyişdirilməsinə etiraz edirlər.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb.

Venesiya Komissiyası katibliyinin nümayəndəsi Sergey Kuznetsov bildirib ki, təmsil etdiyi qurumun Azərbaycanın seçki qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı təklifləri Seçki Məcəlləsinə daxil edilməyib.

"Sergey Kuznetsov Venesiya Komissiyası katibliyinin sıravi əməkdaşıdır. O, belə bir açıqlama verməklə səlahiyyət həddini aşıb. Kuznetsovun Venesiya Komissiyası adından danışmaq səlahiyyəti yoxdur",- deyə Hüseynov əlavə edib.

Onun sözlərinə görə, seçkilərin gedişinə qanunsuz müdaxilənin yolverilməzliyi, seçki bülletenlərinin zərflərə qoyulmaması, müşahidəçiləri digər şəxslərdən fərqləndirən vəsiqələrin verilməsi, seçici siyahılarında seçicilərin ünvanlarının göstərilməsi, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi ilə bağlı Venesiya Komissiyasının təklifləri Seçki Məcəlləsinə daxil edilib: "Venesiya Komissiyasının başqa təklifləri də Seçki Məcəlləsinə daxil edilib".

Hüseynov qeyd edib ki, Venesiya Komissiyasının Azərbaycanın seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təklifi qəbul olunmayıb.

O bildirib ki, iyunun 14-15-də Venesiya Komissiyasının iclası keçiriləcək. İclasda Azərbaycanın Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı Venesiya Komissiyasının yekun rəyi açıqlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti