Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qəbul olunan Qətnamədə adları olan məhbusların azadlığa buraxılması məsələsinə baxacaq. "Bu, konkret tələb deyil və tövsiyə xarakteri daşıyan məsələdir. Azərbaycan hökuməti bu tövsiyənin yerinə yetirilməsini və həmin şəxslərin vaxtından əvvəl azadlığa çıxması məsələsini müzakirə edəcək", - deyə çərşənbə axşamı Trend -a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.
Trend -un arayışı: AŞPA-nın çərşənbə axşamı keçirilən iclasında Azərbaycanla bağlı "Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti" adlı 11627 saylı Qətnamə qəbul olunub.
2001-ci il yanvarın yeddisində Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olarkən öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞPA tərəfindən Azərbaycan üzrə həmməruzəçilər təyin olunub.
Həmməruzəçilərin hazırladıqları hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var. Qəbul olunan qətnamədə qeyd olunub ki, AŞPA Azərbaycan hakimiyyətini Natiq Əfəndiyev, Rasim Ələkbərov, Ruslan Bəşirli, Akif Hüseynov və Telman İsmayılovu humanitar əsaslarla azadlığa buraxmaq məsələsini müzakirə etməyə çağırır. Müzakirələr zamanı sənədə 22 düzəliş təklif olunub, onlardan 9-u qəbul edilib.
Mirzəzadə qeyd edib ki, Azərbaycanda beş deyil, minlərlə məhbus var və onların hər birinin azadlığa çıxmaq hüququ var: "Minlərlə məhbusun hüququnu bir kərana qoyub, beş nəfərin məsələsinin qabardılması demokratik hal deyil".
Nümayəndə heyətinin üzvü bilbirib ki, Azərbaycan prezidenti tez-tez əfv fərmanı imzalayaraq yüzlərlə məhbusu azadlığa buraxır və bu proses davam edəcək: "Adları AŞPA-nın Qətnaməsində olan şəxslərin də əfv siyahısına düşəcəyi istisna deyil".
Mirzəzadə qeyd edib ki, həmməruzəçilərin hazırladıqları hesabatda Azərbaycanda söz və mətbuat azadlığının pisləşməsi ilə bağlı qeyd olunan fikirlər reallığı əks etdirmir: "Andres Herkel deyib ki, Azərbaycanla bağlı müzakirələrin aparılması ölkədə vəziyyətin pisləşməsi ilə əlaqədardır. Amma bu belə deyil. AŞPA- da aparılan müzakirələr adi prosedur qaydasıdır. Monitorinq altında olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsi məsələsi, vəziyyətin necə olmasından asılı olmayaraq, ildə bir dəfə müzakirə olunur".
Mirzəzadə bildirib ki, Azərbaycanda vəziyyət pisləşməyib. Çünki ölkədə Konstitusiya və qanunlar işləyir, ölkədə demokratiya var, hakimiyyət orqanları səmərəli fəaliyyət göstərir, problemləri, fərqli fikirləri açıq şəkildə demək mümkündür.
Nümayəndə heyətinin üzvü vurğulayıb ki, Azərbaycanda müəyyən problemlər var. Lakin bütün məsələləri həmin problemlərin kölgəsində qoymaq və buna əsasən ölkədəki vəziyyəti "ağır" adlandırmaq AŞPA həmməruzəçisinin fəaliyyətini yüksək qiymətləndirməyə imkan vermir.
"Azərbaycanda mətbuatla bağlı problem var. Lakin bu problem, əsasən, mətbuatın daxilindədir. Özünü jurnalist adlandıran şəxslərin bir hissəsi ya jurnalistikanın tələblərini pozur, ya da jurnlistikadankənar işlərlə məşğul olurlar. Həbsdə olan üç jurnalistin azadlığa buraxılması tələb olunur. Lakin baxaq görək onlar jurnalist fəaliyyətinə görə həbs olunublar, yoxsa başqa işlərə görə? Nədənsə, Andres Herkel AŞPA-da bu barədə məlumat vermək istəmədi", - deyə Mirzazadə əlavə edib.
Onun fikrincə, Azərbaycan hökuməti mətbuatın daha yaxşı fəaliyyət göstərməsi və öz işinə məsuliyyətlə yanaşması üçün bütün addımları atır.
Mirzəzadə hesab edir ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]