...

Azərbaycanda Silahlı Qüvvələrin yaranması günü qeyd edilir

Siyasət Materials 26 İyun 2008 00:13 (UTC +04:00)
Azərbaycanda Silahlı Qüvvələrin yaranması günü qeyd edilir

Azərbaycan, Bakı, 26 iyun/ Trend / Bu gün Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Ordunun yubileyi ilə bağlı "Azadlıq" meydanında hərbi parad keçirilir. Paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti iştirak edir. Eyni zamanda, parada 210 ədəd modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və kater çıxarılır.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yaranan zaman Azərbaycanda milli ordu tamamilə yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

ADR hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.

Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti