Azərbaycan, Bakı, 26 avqust/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın avqustun 26 - da ad günüdür.
Mehriban Əliyeva Azərbaycanda tanınmış ziyalı ailəsində anadan olub. Onun atası - məşhur alim, akademik, fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Anası - Aidə xanım İmanquliyeva filologiya elmləri doktoru, şərqşünas olub.
Heydər Əliyev Fondu 2004 - cü il martın 10 - da yaradılıb. Fondun məqsədi Ümumilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəsillərin onun yaratdığı milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi; elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində proqram və layihələrin həyata keçirilməsi; dini tolerantlığın bərpası, vətəndaş cəmiyyətinin qurulmasına yardım; inteqrasiya və dünya qloballaşması prosesində milli-mənəvi dəyərlərin qorunması və saxlanılmasıdır.
Heydər Əliyev Fondu indiyədək təhsil və böyüyən nəslin sağlamlığının, həmçinin, mədəni irsin qorunması və s. sahələrdə onlarla layihə həyata keçirib.
Azərbaycanın xalq ədəbiyyatı və musiqi irsinin qorunması və inkişafı sahəsində xidmətlərinə görə 2004 - cü ilin avqustunda Mehriban Əliyevaya YUNESKO - nun Xoşməramlı səfiri fəxri adı verilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 120 - ci sessiyasının qərarı ilə Mehriban Əliyeva ÜST-nin "Ana, uşaq və ailənin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsində müstəsna xidmətlərə görə" mükafatına layiq görülüb. Mükafat Mehriban xanıma 2007- ci ilin mayında Cenevrədə keçirilən və təşkilata üzv 193 ölkənin nümayəndələrinin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasında təqdim edilib.
2005 - ci ilin iyununda ictimai mesenantlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə verilən töhfəyə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə birinci xanım "Yüzilliyin mesenantları" Beynəlxalq Xeyriyyə Fondunun "Rubin xaç" ordeninə layiq görülüb.
Sivilizasiyalar arasında dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətə, qayğıya ehtiyacı olan uşaqlara diqqətə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, təhsilə və islam dünyasında həyata keçirilən layihələrə böyük dəstəyə görə, Mehriban Əliyeva 2006 - cı ilin noyabrında İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2007-ci ilin mayında xeyriyyəçilik fəaliyyəti və insanlığın ali ideallarına xidmətdə qazandığı görkəmli nailiyyətlərinə görə Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.
2002 - ci ildən Mehriban Əliyeva Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olmaqla, bu vəzifədə özünü gözəl təşkilatçı kimi göstərib. Bu gün bədii gimnastika üzrə Azərbaycanın yığması dünyayada tanınır və azərbaycanlı gimnastlar beynəlxalq turnirlərdə aparıcı mövqe tuturlar. Beynəlxalq Gimnastika Federasiyası 2003 -2004 - cü illərdə Bədii Gimnastika üzrə Dünya Kubokunun, 2005 - ci ildə Dünya Çempionatının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib.
2005 - ci ilin noyabrında Mehriban Əliyeva Bakının 14 - cü Əzizbəyov dairəsindən üçüncü çağırış Milli Məclisin deputatı seçilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]