Azərbaycan, Bakı, 15 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi "2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı sərəncamı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT- nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkənin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.