...

BMT-nin İrana qarşı sanksiyaları Rusiyanın mövqeyinə rəğmən qəbul edilə bilər

Siyasət Materials 19 Sentyabr 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir D.İbrahimova, U.Sadıqova, T.Cəfərov/

ABŞ Rusiyanın barışmaz mövqeyinə baxmayaraq, BMT-nin İrana qarşı sanksiyalarının qəbul edilməsinə nail ola bilər.

"Amerika Rusiyanın narazı olmasına baxmayaraq, Əfqanıstan və İraqda olduğu kimi, hansısa tədbirləri həyata keçirə bilər, belə ki, o zaman ABŞ dünya ictimaiyyətinin etirazına məhəl qoymayaraq, yuxarıda adıçəkilən ölkələrə daxil olmaqdan çəkinmədi", - deyə Trend -a İran eksperti Hüseyn Lacəvərdi (Houssein Lagiverdi) bildirib.

Ağ Evin mətbuat katibi Qordon Candro bazar ertəsi MAQATE-nin bəyanatında aydın şəkildə İranın növbəti dəfə bu təşkilat ilə əməkdaşlıqdan boyun qaçırdığının qeyd olunduğunu bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın bazar ertəsi yayılan məruzəsində bildirilir ki, İranın uranın zənginləşdrilməsi üzrə proqramının hərbi təyinatlı olmasına dair ittihamların araşdırılması ilə bağlı hələ ki, irəliləyiş yoxdur.

Ağ Evin mətbuat katibi əlavə edib ki, İranın MAQATE-nin tələblərindən boyun qaçırması bu ölkənin təcridinə səbəb olacaq: "Biz istəyirik ki, bu ölkə uranın zənginləşdrilməsi üzrə proqramı dayandırsın. İran bu proqramı dayandırmasa, BMT Təhlükəsizlik Şurasının yeni sanksiyaları ilə üzləşəcək", - deyə o bildirib.

İrana qarşı sanksiyalar BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin vahid qərarı ilə qəbul olunmaldıdır.

İran üzrə Araaşdırmalar Mərkəzinin (Fransa) direktoru Lacəvərdinin rəyinə görə, BMT İrana qarşı sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul edəcək, çünki hazırda dünya ictimaiyyəti İranın nüvə proqramına münasibətdə əməli tədbirlərin görülməsini gözləyir.

"BMT sanksiyalar tətbiq etməzsə, ABŞ və Avropa İranın ticarət şirkətləri ilə əməkdaşlığı və İrana benzin tədarükünü dayandıra bilər ki, bu da ölkənin iqtisadiyyatına güclü zərbə olacaq", - deyə o əlavə edib.

Lacəvərdinin sözlərinə görə, Rusiyanın mövqeyi Amerika və Qərbə müqavimət göstrə biləcək qədər güclü deyil.

Lakin İran üzrə britaniyalı ekspert BMT-nin Rusiyanın razılığı olmadan sanksiyalar qəbul edəcəyinə şübhə ilə yanaşır.

"Hər şey Rusiyanın bu məsələ ilə bağlı mövqeyindən asılıdır", - deyə İran üzrə biritaniyalı ekspert Şon O'Qreydi (Sean O'Grady) bildirib. Onun sözlərinə görə, İran Rusiya ilə Qərb arasında münasibətlərin korlanmasından öz maraqları üçün istifadə edir. "Mərc gəlirəm ki, BMT Rusiyanın İran ilə bağlı məsələdə barışmaz mövqe tutmasına görə, əhəmiyyətli bir addım atmayacaq", - deyə o əlavə edib.

Ekspertin fikrincə, Rusiya İranı dəstəkləməsə, Qərb ona təsir göstərməyi davam etdirəcək. "Avropa İttifaqı problemi diplomatik yolla həll etməyi davam etdirəcək, ABŞ üçün isə hər şey növbəti prezidentin kim olacağından asılı olacaq", - deyə o əlavə edib.

Onun rəyinə görə, daha ehtimal oluna biləcək nəticə İran ilə dialoq ola bilər.

"Lakin Teodor Ruzveltin bildirdiyi kimi, münaqişəni həll etmək üçün "əldə dəyənək, sakit danışmaq lazımdır"", - deyə O' Qreydi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti