Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın "Seçki 2008" QHT koalisiyası 1500 nəfər müşahidəçi ilə prezident seçkisini izləyəcək. Koalisiyadan cümə günü Trend - a verilən məlumata əsasən, müşahidəçilər 60 seçki dairəsində müşahidə aparacaq.
Trend - un arayışı: "Seçki 2008" QHT Koalisiyası prezident seçkilərində ictimai fəallığın artırılması məqsədi ilə bu ilin avqustunda yaradılıb. Koalisiya "İnam" Plüralizm Mərkəzi, Multimedia İnformasiyalar Sistemi və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu və KASKFEN-nin sədri Azər Həsrət tərəfindən təsis edilib.
Koalisiyanın müşahidə aparacağı seçki dairələri Azərbaycanın altı bölgəsini - Qarabağ, Aran, Gəncəbasar, Şimal, Cənub və Bakını əhatə edəcək.
Koalisiyanın prezident seçkisilə bağlı ilkin rəyi oktyabrın 16 - da açıqlanacaq.
Məlumatda o da bildirilib ki, "Seçki 2008" QHT Koalisiyasının üzvləri seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün Bərdə, Goranboy, Gəncə, Tovuz və Qazaxa səfər ediblər. Koalisiya üzvləri seçki məntəqələrində seçici siyahıları ilə tanış olublar. Bəzi qaçqın düşərgələrinə yaxın məntəqələrdə siyahıların dəqiqləşdirilməsi prosesində problemlər üzə çıxarılıb.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]