...

Qazaxıstan azərbaycanları İlham Əliyevə müraciət ediblər

Siyasət Materials 7 Oktyabr 2008 19:52 (UTC +04:00)

Qazaxıstan, Almatı, 07 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/  "Qazaxıstan Azərbaycanlıları Assosiasiyası" İctimai Birliyi İdarə Heyəti və diaspor fəallarının iştirakilə keçirdiyi yığıncaqda Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə müraciət qəbul edib.

Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedovun  Trend -un müxbirinə verdiyi məlumatda bildirilir ki, doğma yurdlarından Stalin irticası nəticəsində 1932-1937/38-ci illərin repressiya qurbanları kimi, Qazaxıstan və digər Orta Asiya respublikalarına sürgün edilən ata-babalarımızın burada dünyaya göz açan indiki nəslinin davamçıları həmişə Azərbaycanla nəfəs almış, onun uğuruna sevinib, qəminə kədərləniblər. Tarixi vətənimizin işıqlı gələcəyinə İlham Əliyevlə birlikdə gedə bilərik. İnanırıq ki, harada yaşamasından və çalışmasından asılı olmayaraq, Azərbaycan xalqının hər bir övladı Ümummili lider Heydər Əliyev siyasi kursunun, ulu öndərin dövlətçilik məktəbinin layiqli davamçısı hörmətli İlham Əliyevin namizədliyini dəstəkləməyə borclu olmalıdır. Biz Qazaxıstan azərbaycanlıları, eyni zamanda ümid edirik ki, Azərbaycanın itirilmiş torpaqları, Dağlıq Qarabağ problemi məhz İlham Əliyevin başçılığı altında öz həllini tapacaqdır.

Azərbaycan Respublikasının prezidentinə ünvanlanan müraciətdə deyilir:" Hörmətli Cənab Prezident!

Məlumunuz olsun ki, Qazaxıstanda yaşayan 200 minədək azərbaycanlı həmişə Sizinlədir. Azərbaycan Dövlətinin xaricdə yaşayan soydaşlara diqqət və qayğısını daim hiss edirik. Həm də ona görə ki, Qazaxıstanda da normal fəaliyyətimiz üçün Prezident Nursultan Nazarbayevin həm də sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyası dünyada analoqu olmayan millətlər birliyi institutudur. Məhz ölkələrimiz arasındakı qarşılıqlı xoş münasibətlərin nəticəsidir ki, hazırda Astana şəhərində 12 mərtəbəli Azərbaycan evi inşa edirik. "Vətən" adlı qəzetimiz çap olunur, Qazax millli teleradiosunda Azərbaycan dilində proqramımız vardır. Bazar günü Azərbaycan məktəbi, mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Azərbaycanlılar Qazaxıstanın ictimai-siyasi həyatında, güc strukturlarında, idarəetmə orqanlarında və s. fəal təmsil olunmaqdadırlar və şükürlər olsun ki, ölkə daxilində heç bir problemimiz yoxdur."

"Qazaxıstan Azərbaycanlıları Assosiasiyası" Respublika İctimai Birliyi İdarə Heyəti adından dövlət başçısına göndərilən müraciətin sonunda qeyd olunur:"Son illərdə Azərbaycanın iqtisadi cəhətdən bölgənin ən sürətlə inkişaf edən ölkəsinə çevrilməsi də Sizin siyasətinizin bəhrəsidir. Biz imkanlı və təcrübəli iş adamları, xüsusilə Qazaxıstanın inşaat sahəsində öndərlərdən sayılan firma və şirkət sahibləri tarixi vətənimiz olan Azərbaycana sərmayə qoymağa hazırıq. Çünki bilirik ki, Siz bütün sərmayədarları himayə edir, onların normal fəaliyyəti üçün imkan və şərait yaradırsınız."

[email protected]

Xəbər lenti

Xəbər lenti