...

Azərbaycanın müxalifətçi prezidentliyə namizədləri seçki kampaniyasının lazımınca işıqlandırılmamasından narazıdırlar

Siyasət Materials 9 Oktyabr 2008 14:20 (UTC +04:00)
Azərbaycanın müxalifətçi prezidentliyə namizədləri seçki kampaniyasının lazımınca işıqlandırılmamasından narazıdırlar

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezidentliyə namizədlər mətbuatın, xüsusən də televiziyaların seçki kampaniyasını lazımınca işıqlandırmamasından narazıdırlar.

"Mətbuat namizədlərin seçki kampaniyasını işıqlandırmır və bu məsələyə qısqanclıqla yanaşır", cümə axşamı Azərbaycanda Vətandaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkil etdiyi "dəyirmi massa"da müxalifəti təmsil edən Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Hacıyev qeyd edib ki, mətbuat prezidentliyə namizədlərin fəaliyyətini və platformalarını qeyri-bərabər formada işıqlandırır.

"Biz arzu edirik ki, dövlət büdcəsindən maliyyələşən mətbuat orqanları prezidentliyə namizədlərin fəaliyyəti və platformalarını bərabər səviyyədə işıqlandırsınlar", - prezidentliyə namizəd əlavə edib.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi, deputat Fazil Qəzənfəroğlu bildirib ki, Azərbaycanda prezident seçkisinin gözdən salınması kampaniyası aparılır.

"Bu məsələdə MSK xüsusi rol oynayır. MSK prezidentliyə namizədlərin İctimai Televiziyada yayımlanan debatlarının vaxtını saat 18:50-ə təyin edib. Həmin vaxt vətandaşların əksəriyyəti evdə olmur, işdən çıxıb tıxaclarda qalır. Onlar çalışırlar ki, namizədlərin görüşləri xalqa çatdırılmasın", - Qəzənfəroğlu əlavə edib.

Qəzənfəroğlu deyib ki, beynəlxalq təşkilatların dəstəyi ilə prezidentliyə namizədlərin Azərbaycan regionlarının problemlərinin həlli ilə bağlı fikirləri əks olunan iki saatlıq veriliş hazırlanıb. Lakin Milli Televiziya və Radio Şurası regional televiziyaların həmin verilişi efirə verməsini qadağan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti