Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycan sərhədlərini keçdiyinə və keçməyə cəhd etdiyinə görə ötən ay 19 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə günü Trend - a verilən məlumata görə, tutulanların 10 nəfəri Azərbaycan, 3 nəfəri İran İslam Respublikası , 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 1 nəfəri Rusiya və 1 nəfər isə Suriya vətəndaşlarıdır.
Məlumatda bildirilir ki, vizası olmadığı üçün 128 nəfər saxlanılıb. Onlardan 41-i İran, 25 -i Türkiyə, 9-u İraq, 7-si Azərbaycan, 5 -i Əfqanıstan, 5 - i Filippin, 5 -i Nigeriya, 5 -i Pakistan və digər ölkələrin vətəndaşlarıdır.
Ötən ay vizalarının müddəti qurtardığı üçün 40 nəfər ( 13 - ü İran, 6 - sı Türkiyə, 4 - ü ABŞ və digər ölkə vətəndaşları), müvafiq sənədləri olmadığına görə 41 nəfər (21-i Azərbaycan, 11-i Rusaiya və 3 nəfəri İran və dıgər ölkə vətəndaşları ) saxlanılıb.
Sərhədçilər tərəfindən sentyabrda 92 nəfər axtarışda olan şəxs yaxalanaraq, hüquq -mühafizə orqanlarına təhvil verilib.
Həmin müddət ərzində sərhədçilər qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik maddə çıxarıblar.
Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən, Azərbaycana məxsus 5 gəmi, bir qayığa və Rusiyanın bir gəmisinə baxış keçirilib.
Sərhədçilər ümuni dəyəri 170 min manata yaxın olan qaçaqmalı saxlayıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]