...

ABŞ Dövlət departamenti Azərbaycandakı prezident seçkilərində tərrəqinin müşahidə olunduğunu qeyd edir

Siyasət Materials 17 Oktyabr 2008 02:53 (UTC +04:00)
ABŞ Dövlət departamenti Azərbaycandakı prezident seçkilərində tərrəqinin müşahidə olunduğunu qeyd edir

Azərbaycan, Bakı, 17 oktyabr / Trend / Buş administrasiyası Azərbaycan xalqını ölkədə keçirilmiş prezident seçkiləri münasibəti ilə təbrik edir. Bunu Vaşinqtonda jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Şon Makkormak deyib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Dövlət rəhbəri vəzifəsinə yeddi namizəd  irəli sürülüb - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Ilkin nəticələrə əsasən, İlham Əliyev seçicilərin 89,04 faiz səsini toplayıb. Bunu çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyası elan edib.

Makkormakın sözlərinə görə, müşahidəçilər, konkret olaraq ATƏT-dən olan müşahidəçilər əvvəlki seçkilərlə müqayisədə hazırkı seçkilərin keçirilməsində müəyyən irəliləyişləri qeyd ediblər.

"Onlar (müşahidəçilər-red.) hələ ki, hesabatlarını hazırlayırlar. Bu üzdən də mən bu seçkiləri ümumi sözlərlə şərh edə bilərəm: bu, əvvəlki seçkilərlə müqayisədə irəliyə bir addımdır, lakin hələ çoxlu iş görmək lazımdır", - deyə o bildirib.

Makkormak Azərbaycandakı prezident seçkilərini tərrəqi kimi xarakterizə edib. "Müşahidəçilər bu seçkiləri öncəkilərlə müqayisədə tərrəqi kimi qiymətləndiriblər", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti