Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin cümə günü Heydər Əliyev adına sarayda andiçmə (inauqurasiya) mərasimi keçirilib.
Prezidentin andiçmə mərasimində Gürcüstanın prezidenti Mixail Saakaşvili, Rusiya hökuməti aparatının rəhbəri Sergey Narışkin, Polşa prezidenti aparatının rəhbəri Pyotr Kovnatzski, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, Ukrayna xarici işlər nazirinin müavini Konstantin Yeliseyev iştirak edib.
Azərbaycan prezidenti Azərbaycan Respublikasının Konstitusiyası və müqəddəs kitab Qurana and içib.
Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini rəsmən elan edib.
Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.
Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.
Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.
And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.
Azərbaycanın dördüncü prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda tanınmış siyasi xadim Heydər Əliyevin ailəsində dünyaya gəlib. O, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ), 1985-ci ildə isə həmin institutun aspiranturasını bitirib. 1985-1990-cı illərdə MDBMİ-də dərs deyib. 1991-1994-cü illərdə Moskvada kommersiya şirkətinin baş direktoru kimi çalışıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildə isə həmin şirkətin birinci vitse-prezidenti təyin edilib. 2003-cü il avqustun 4-də ölkənin Baş naziri olub. İki çağırışda Azərbaycan parlamentinə deputat seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir.
2003-cü ilin oktyabrından birinci ilk müddətə Azərbaycan prezidenti seçilib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]