Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda solçu qüvvələrin birliyinin elan olunacağı tarix müəyyənləşdirilib.
"Birliyin gələn ilin yanvar-fevral aylarında elan olunacağı hesablanır", - deyə solçu qüvvələrin birliyinin təsisçilərindən biri Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bazar ertəsi Trend -a bildirib.
Trend -un arayışı: Azərbaycan Sosialist, Kommunist, Vahid Kommunist partiyaları və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədrləri solçu qüvvələrin birliyinin yaradılması ilə bağlı noyabrın əvvələrindən danışıqlar aparırlar. Birliyin yaradılmasında məqsəd bələdiyyə və parlament seçkilərində vahid platformadan çıxış etməkdir.
Azərbaycanda bələdiyyə seçkisi gələn il, parlament seçkisi isə 2010-cu ildə keçiriləcək.
Qurbanov partiya sədrlərinin bazar günü keçirilən növbəti görüşündə solçu qüvvələrin birliyinin müəyyən detalları və adı ilə bağlı müzakirələrin aparıldığını bildirib. "Qurumun adı ilə bağlı tələsik qərar vermək istəmirik. Bununla bağlı müzakirələr aparılacaq və konkret ad üzərində dayanacağıq", - deyə AKP sədri bildirib.
Solçu partiyaların birliyinin genişlənəcəyinə gəlincə, AKP sədri qurumun genişlənməsi ilə bağlı perspektivlərin olduğunu bildirib.
"İdeologiyası marksizm-leninizmə əsaslanan hər bir solçu partiya birliyə qəbul oluna bilər. Hər hansı solçu partiya yaradılacaq birlikdə təmsil olunmaqla bağlı müraciət etsə, birliyin təsisçiləri konsensus əsasında qərar qəbul edəcəklər. Müraciət edən partiya sol qüvvələrin birliyinin Nizamnamə və Əsasnaməsini qəbul edəcək partiyanın birlikdə təmsil olunması ilə bağlı problemi olmayacaq", - deyə Qurbanov bildirib.
Qurbanov yaradılacaq birliyin gələcəkdə zərurət yaranarsa, milli maraqlar çərçivəsində istənilən siyasi təşkilat və ya blokla əməkdaşlığa hazır olacağını deyib.
Bələdiyyə və parlament seçkilərindən sonra solçu qüvvələrin birliyinin fəaliyyətini davam etdirəcəyinə gəlincə, Qurbanov seçkilərdən sonra da birliyin fəaliyyətinin davam etdirməsinə ehtiyac olduğunu bildirib. "Bunu öncədən proqnoz etmək mümkün olmasa da, ümid edirəm ki, xalqın rifahı, onun hüquqlarının müdafiəsi naminə fəaliyyət davam etdiriləcək", - deyə AKP sədri bildirib.
Azərbaycanda kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanan çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. O vaxt "Hümmət" adlanan partiyanın liderləri məşhur dövlət xadimləri Məşədi Əzizbəyov, Nəriman Nərimanov və digərləri olub. SSRİ dağıldıqdan sonra müstəqillik dövründə Azərbaycan Kommunist Partiyasının fəaliyyətinə 1991-ci ildə xitam verilib, 1993-cü ildə bərpa olunub.
Solçu partiya olan AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.
Partiyanın keçmiş sədri Ramiz Əhmədov 2007-ci ildə vəfat etdikdən sonra partiya iki yerə bölünüb. Hər iki tərəf ayrı-ayrılıqda öz qurultaylarını keçirib və hər ikisi AKP adına iddia edir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]