...

Azərbaycanda siyasi münasibətlər yeni qanunla tənzimlənməlidir – TrendNews - un icmalçısı

Siyasət Materials 12 Noyabr 2008 11:05 (UTC +04:00)

İmdad Əlizadə, Trend - un icmalçısı

Azərbaycanda oktyabr ayında keçirilən prezident seçkisindən sonra yeni siyasi vəziyyət yaranıb və partiyaların fəaliyyəti, cəmiyyətdə rolu, dövlətlə partiyaların münasibətlərinin yerli şəraitə və beynəlxalq standartlara uyğun olan yeni qanunla tənzimlənməsi vacibdir.

Azərbaycanda "Siyasi partiyalar haqqında" Qanun 1992 - ci ildə qəbul olunub. Bu, Azərbaycanın Sovet imperyasının tərkibindən çıxaraq, öz müstəqilliyini elan etməsindən sonra qəbul olunan ilk qanunlardandır. Son on altı ildə Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər "Siyasi partiyalar haqqında" Qanuna ciddi dəyişikliklər edilməsinə zərurət yaradıb. Çünki Qanunda ciddi boşluqlar var. Bu Qanunun yenidən qəbul olunması yeganə məsələlərdəndir ki, burada həm hakimiyyətin, həm də müxalifətin mövqeyi üst - üstə düşür.

Əvvəla, Qanunda siyasi partiyalarla bağlı bir məsələnin -- dövlət qeydiyyatına alınmaq istisna olunmaqla, digər problemlərin həlli mexanizmi yoxdur. Bura partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, qərərgahla təminat, qeydiyyata alınanların reallıqda fəaliyyət göstərmədikləri halda bu problemin necə həll olunması, partiyaların seçkilərdə iştirakla bağlı öhdəliyinin olub -olmaması, partiyaların təsis edilməsi üçün orada təmsil olunan insanların sayı ilə bağlı kvotanın az olması (min nəfər) kimi məsələlər daxildir.

Ədliyyə Nazirliyinin məlumatına görə, 52 partiya dövlət qeydiyyatına alınıb. Lakin hakim Yeni Azərbaycan və bir necə müxalifət partiyası istisna olunmaqla, onların əksəriyyəti siyasi proseslərdə iştirak etmirlər, seçkilərə qatılmırlar, heç bir ünvanları yoxdur, nə işlə məşğul olduqları haqda cəmiyyətə məlumat verilmir. Belə partiyaların hansı məntiqlə qeydiyyatda saxlanılması kimi məsələlər açıq qalır.

Qanun partiyaların maliyyələşməsi məsələsinə də aydınlıq gətirmir. Azərbaycanda partiyaların maliyyə mənbələri qeyri - şəffafdır. Ona görə də partiyalar öz maliyyə mənbələri, xərcləri haqda cəmiyyətə heç bir hesabat təqim etmirlər (hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla). Qanun belə hesabatların təqdim olunmasını tələb etmir. Lakin şəffaflıq və milli təhlükəsizlik baxımından (Azərbaycanda maraqları olan xarici qüvvələrin, qaranlıq mənbələrin, qeyri - leqal yollarla milyonlarla vəsait əldə edən qruplaşmaların partiyaları maliyyələşdirməsinin və bununla da öz maraqlarını təmin etməsinin qarşısını almaq üçün) , partiyaların maliyyə mənbələrinin şəffaf olması və hər il cəmiyyətə hesabat verilməsi vacibdir.

Dünyanın bir çox ölkələrində partiyalara dövlət büdcəsindən maliyyə ayrılır. Lakin dünya praktikasında bunun vahid mexanizmi yoxdur. Burada əsas kimi siyasi təşkilatların seçkilərdə, xüsusi ilə parlament seçkilərində iştirakı və qazandıqları səs faizi əsas götürülür. Parlament seçkisində proporsianal seçki sistemindən istifadə edən ölkələrdə partiyalara dövlət büdcəsindən maliyyə ayrılması daha asan həll olunur. Bu, parlamentdə təmsilçilik hüququ qazanan partiyalara şamil olunur. Partiyaların inkişafı, cəmiyyətdə fəal rol oynaması, siyasi aktivliyin təmin edilməsi, kənar qüvvələrin maliyyə asılılığından xilas olması baxımından, siyasi təşkilatların dövlət büdcəsindən maliyyələşməsi vacibdir. Hazırda Azərbaycanda bu məsələ daha aktual və məntiqi görünür. Çünki ölkə demokratiyası gəncdir və onun inkişafında, eyni zamanda, cəmiyyətdə alternativ siyasi qüvvənin formalaşmasında partiyaların fəal rol oynaması vacibdir. Bu isə, daimi və şəffaf fəaliyyət göstərən güclü partiyaların olmasını tələb edir.

Bu gün Azərbaycanın artan iqtisadi imkanları və büdcənin genişlənməsi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə imkan verir. Artıq iki ildir ki, dövlət büdcəsindən qeyri - hökumət təşkilatlarına maliyyə ayrılır -2008 - ci ildə 1,5 milyon, 2009 -cu ildə 2,8 milyon manat. 2009 - cu ildə ilk dəfə olaraq mətbuata bir milyon matandan artıq vəsaitin ayrılması nəzərdə tutulub. Bunun partiyalara da şamil olunması vacibdir.

Azərbaycanda partiyalara dövlət büdcəsindən maliyyə ayrılan zaman seçkilərin nəticələrinin əsas götürülməsi və seçicilərin müəyyən faizinin səsini toplayan siyasi təşkilatlara maliyyə ayrılması vacibdir. Lakin hansı -- prezident, parlament yoxsa bələdiyyə seçkilərinin nəticələrinə istinad edilməsi məsələsi açıq qalır.

Azərbaycan prezident üsul - idarəsi mövcud olan ölkədir. Eyni zamanda, parlament seçkiləri zamanı mojaritar sistemdən istifadə olunur. Ona görə ya prezident, ya da parlament seçkisində iştirak əsas götürülməlidir. Məsələn, bu seçkilərin birində ümumi seçicilərin üç faizinin (proporsional seçki sistemində parlamentə düşmək üçün kvota kimi 3 -5 faiz götürülür) səsini toplayan partiyalara dövlət büdcəsindən maliyyə ayrıla bilər.

Azərbaycanda partiyaların üzləşdiyi ciddi problemlərdən biri də qərərgah məsələsi ilə bağlıdır. Hazırda qüvvədə olan Qanun bu məsələyə aydınlıq gətirmir. Müxalifət partiyalarının əksəriyyətinin qərərgahı yoxdur. Müxalifətçilər iddia edirlər ki, dövlət onları qərərgahla təmn etməyə borcludur. Lakin hakimiyyət bununla razılaşmır və Qanunda belə bir öhdəliyin olmadığını bildirir. Məhkəmələrdə müxalifətin bununla bağlı bir necə iddiasına baxılıb. Azrbaycan məhkəmələrində öz iddialarını təmin edə bilməyən müxalifətçilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Bu məsələnin Avropa Məhkəməsinə gedib çıxması Azərbaycan hökumətinə başağrısı ola bilər. Bu mübahisələrə son qoyulması üçün yeni Qanunla məsələyə tam aydınlıq gətirilməlidir: dövlət partiyaları qərərgahla təmin etməlidir ya yox? Təmin etməlidirsə, onda bu, hansı partiyalara şamil edilməlidir?

Qüvvədə olan Qanuna əsasən, min nəfərin iştirakı ilə partiya təsis etmək olar. Lakin bu rəqəmin haradan götürüldüyü və hansı kriteryalara əsaslandığı məlum deyil. Azərbaycan vətəndaşlarının sayının 8,5 milyonu ötdüyünü nəzərə alsaq, partiya yaratmaq üçün nəzərdə tutulan say çox azdır. Partiya yaratmaq istəyən şəxslər, adətən. öz qohum - tanışlarını bir yerə yığmaqla bu sayı əldə edirlər. Belə olan halda, həmin partiyanı ölkə miqyaslı siyasi təşkilat hesab etmək olarmı?

Hesab edirik ki, partiya yaratmaq üçün nəzərdə tutulan say bir necə dəfə artırılmalı və ən azı seçicilərin sayı amili burada öz əksini tapmalıdır. Qanunvericiliyə görə, hər bir vətəndaş 18 yaşı tamam olanda partiyaya üzv ola bilər, bu, səsvermə hüquqi əldə etmə yaşı ilə üst - üstə düşür. Məsələn, partiya yaraqmaq üçün sayı ümumi seçicilərin bir faizinin sayınadək artırmaq, ölkə rayon və şəhərlərinin, ən azı yarasında yeri sturukturların olmasını Qanuna daxil etmək mümkündür. Bu, partiyaların inkişafına və güclənməsinə kömək edər, qondarma siyasi təşkilatların yaranmasının qarşısını alar.

Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün "Siyasi partiyalar haqqında" yeni Qanun qəbul olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti