Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir A.Hüseynbala/Azərbaycandakı prezident seçkisində iştirak etməmiş partiyaların birləşdiyi Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) Bakı Şəhər İcra Hakimiyyətindən şikayətinə baxılacaq.
"Səbayel Rayon Məhkəməsinin bildirişinə görə, şikayətimizin araşdırılması ilə bağlı proses noybabrın 17-də, saat 15:00 - a nəzərdə tutulub", - çərşənbə günü Trend - a MƏM- ə daxil olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend - un arayışı: Azərbaycanda keçirilmiş prezident seçkisində iştirak etməyən MƏM -in nəzərdə tutduğu yerlərdə oktyabrın 28 - də aksiya keçirməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib. Noyabrın əvvəlində bu qərarla razılaşmayan MƏM təmsilçiləri Bakı meriyasının qərarından Səbayel Rayon Məhkəməsinə şikayət ediblər.
Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalari), Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilmiş prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.
Hacılının sözlərinə görə, kütləvi aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda 9 meydanın ayrılmasıxahiş olunub: "Meriya bu yerlərin heç birini məqsədəuyğun hesab etməyərək, aksiyanın Bibiheybət stadionunda keçirilməsini təklif etmişdi", - Müsavat funksioneri deyib.
Onun fikrincə, bu qərar "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna ziddir: "Meriya ona aid olmayan səlahiyyətləri mənimsəyib. Kütləvi aksiyaların yerini və keçirilməsini müəyyən etmək, Qanuna görə, belə tədbirlərin təşkilatçılarına məxsusdur", - Hacılı vurğulayıb.
Müsavat funksioneri deyib ki, məhkəmə prosesində MƏM-in adından o, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Həsən Kərimov və Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan iştirak edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]