Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov ABŞ -ın İslam Konfransı Təşkilatındakı (İKT) xüsusi səfiri Sada Kumberlə görüşüb.
"Görüşdə qeyd edilib ki, İKT daxilində ABŞ və Azərbaycanın ikitərəfli əməkdaşlığı əhəmiyyətlidir, təşkilatın inkişafı və dünyada nüfuzunun artırılması istiqamətində bu ölkələrin birgə səyləri gücləndirilməlidir", -cümə günü XİN mətbuat xidmətindən Trend -a verilən məlumatda bildirilir.
Sadıqov və Kumber ABŞ - ın İKT ilə əməkdaşlığa maraq göstərdiyi və müsəlman dünyası ilə yaxınlaşmaq baxımından, təşkilatın vacib rolunu qeyd ediblər.
Səfir Kumber Bakıda təşkil olunmuş beynəlxalq konfransları yüksək qiymətləndirib.
Görüşdə İKT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Qətnamələr, BMT Baş Assambleyasında qəbul edilmiş "İşğal olunmuş torpaqlarda vəziyyət" Qətnaməsinə bir sıra İKT üzv - dövlətlərinin dəstəyi təqdirəlayiq hesab olunub.
Məlumata görə, səfir Kumber Azərbaycanın Diplomatik Akademiyasında "Amerika müsəlman dünyası ilə dialoqu necə qurmalıdır" mövzusunda tələbələrə mühazirə də oxuyub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]