Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir A.Əliyev/ "Azərbaycan və Türkmənistan öz enerji tələbatlarını təmin etməklə, dünyanın enerji təhlükəsizliyində vacib rol oynayırlar", - Azərbaycan prezidenti İlham Əliyev cümə günü Aşqabadda bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər daimi inkişafdadır və dinamikliyi ilə fərqlənir.
"Ölkələrimizin eyni coğrafiyada yerləşməsi münasibətlərimizin inkişafına yeni imkanlar açır. Bu da öz növbəsində siyasi, iqtisadi, sosial, humanitar və enerji sahəsində əlaqələrin inkişafina təkan verir", - İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla danışıqların yekunu üzrə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, türkmənistanlı həmkarı ilə görüşdə Xəzər regionunda əməkdaşlıq və bölgədə təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.
"İki ölkənin əməkdaşlığı yüksələn xətlə inkişafdadır və çox sayda sahəni əhatə edir", - prezident Qurbanqulu Berdiməhəmmədov bildirib.
"Azərbaycan və Türkmənistan enerjidaşıyıcıları sahəsində də əməkdaşlıq edir və bununla bağlı ölkələr arasında ümumi anlaşma var", - Türkmənistan prezidenti vurğulayıb. Onun sözlərinə görə, son doqquz ay ərzində iki respublika arasında mal dövriyyəsi səkkiz dəfə artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabrda Azərbaycan və Türkmənistan arasında mal dövriyyəsi 53,44 mln. dollar təşkil edib. Azərbaycandan Türkmənistana mal ixracı 11,89 mln. dollar təşkil edib, türkmən mallarının idxalı isə 41,5 mln. dolları ötüb.
Həmçinin nəqliyyat sahəsində əməkdaşlıqda irəliləyişlər olduğunu qeyd edən Türkmənistan prezidenti bunun regionda mühüm rol oynadığını da əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]