...

Azərbaycanın hakim partiyası "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik və əlavələri parlamentə təqdim edəcək

Siyasət Materials 11 Dekabr 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) "Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklə bağlı təkliflərin parlamentin yaz sessiyasında müzakirəyə çıxırılmasını təklif edir.

"Artıq parlamentin payız sessiyası başa çatır. Qanunda dəyişiklik olunması məsələsinin parlamentin yaz sessiyasının gündəliyinə daxil edilməsini təklif edəcəyik", -deyə cümə axşamı jurnalistlərə YAP icra katibinin müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanın "Siyasi partiyalar haqqında" Qanunu 1992-ci ildə qəbul olunub. İqtidar və müxalifət partiyaları daxil olmaqla, bütün siyasi qüvvələr Qanunda əlavə və dəyişikliklər edilməsini, müasir dövrün tələblərinə uyğunlaşdırılmasını vacib hesab edirlər.

Parlamentin payız sessiyası dekabrın 30 - da başa çatır. Yaz sessiyası fevralın birində başlayır və mayın 31-də yekunlaşır.

Novruzov qeyd edib ki, hakim partiya Qanuna əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihəni parlamentin yaz sessiyası zamanı təqdim edəcək.

"YAP-dan başqa bir necə partiya da Qanuna dəyişiklik edilməsini nəzərdə tutan layihə təqdim ediblər. Həmin layihələr də komissiyadadır və orada baxıldıqdan sonra məsələni parlamentin gündəliyinə daxil edəcəyik", - Novruzov əlavə edib.

YAP 1992 - ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti