...

Suriya-Səudiyyə münasibətlərindən Dəməşq udur

Siyasət Materials 12 Mart 2009 09:02 (UTC +04:00)
Suriya-Səudiyyə münasibətlərindən Dəməşq udur

Azərbaycan, Bakı, 11 mart / Trend müxbir Ü.Sadıxova/ Suriya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin yaxşılaşması Yaxın Şərqdəki durumun sabitləşməsi üçün daha çox Ər-Riyada sərfəlidir. Lakin Suriya İran və "Hizbullah"la əlaqələrə zərər yetirməmək üçün bu addımı atmayacaq.
"Sədiyyə Ərəbistanı ilə münasibətlər Suriyaya daha çox "kozır kartları" verir", - deyə Trend -a telefonla Sen-Endryu universitetinin (University of St.Andrews) Suriya araşdırmaları Mərkəzinin direktoru Raymond Hinnebuş (Raymond Hinnebusch) bildirib. Onun sözlərinə görə, Suriyanın maraqlarının [Yaxın Şərqdə] nəzərə alınması regiondakı sabitlik deməkdir. "Səudiyyə Ərəbistanı da bunda maraqlıdır" -  deyə o vurğulayıb.
Suriya prezidenti Bəşər Əsədin Ər-Riyadda Kral Abdulla ibn Əziz və Misir prezidenti Hüsni Mübarəklə danışıqların əsas mövzusu Suriya-Səudiyyə Ərəbistanı əlaqələrinin yaxşılaşması və regional məsələlərinin qarşılıqlı həlli olacaq. Xəbəri Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyi yayıb.
Bugünkü görüş martın 30-na planlaşdırılan Ərəb dövlətləri Liqası  sammiti öncəsi keçirilir.
Suriya liderinin son beş ildə Ər-Riyada ilk rəsmi səfəri iki ölkə arasında mövcud gərginliyi azaltmalıdır. "Əl-Cəzirə" saytının məlumatına görə, çoxillik anlaşılmazlıqlara səbəb Dəməşqin Tehran və Livanın "Hizbullah" şiə hərəkatı ilə əlaqələridir.
Suriya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr 2005-ci ilin fevralında Səudiyyə kralının yaxın dostu olan Livanın sabiq baş naziri Rafiq Xarininin qətlindən sonra pisləşib.
BMT-nin apardığı araşdırmaların ilkin hesabatlarından bildirilirdi ki, bu qətl hadisəsində Suriyanın rəsmi şəxslərinin əli var. Lakin Dəməşq bu ittihamları rədd edib.
Bununla belə, müşahidəçilərin fikrincə, "sünnü ərəb ölkələri" ilə münasibətlərin yaxşılaşması naminə Suriya "şiə tərəfdaşları" olan İran və "Hizbullah"la əlaqələrinin balansını pozmayacaq.
Hinnebuşun fikrincə, Suriyaya qarşı mümkün təzyiqə rəğmən o həmişə kimi İran və "Hizbullah"la, habelə "mülayim ərəb sünnü ölkələri" ilə münasibətlərində balansı qoruyub saxlayacaq.
Hinnebuşla Britaniyanın Control Risks mərkəzinin Yaxın Şərq təhlükəsizliyi və siyasəti üzrə analitiki Neil Kyulliam (Neil Quilliam) razıdır. O hesab edir ki, Səudiyyə Ərəbistanı və Misirlə münasibətlərin möhkəmləndirilməsi üçün İran, HƏMAS və "Hizbullah"la əlaqələrə zərər yetirmək "çox baha" başa gələcək.
Ələvilər cərəyanına aid Suriya hökumətinin mövqeyi ilə Səudiyyə Ərəbistanı və Misirin İranın ərəb dünyasına təsiri və HƏMAS-ın Fələstin ərazilərindəki siyasəti kimi məsələlərdəki mövqeyi arasında fərqlər mövcuddur.
İsrailin HƏMAS üzvlərinə qarşı dekabr-yanvarda Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlarda Suriya HƏMAS-ı dəstəkləyib. Halbuki Səudiyyə Ərəbistanı ilə Misir HƏMAS-la düşmənçilik edən Fələstin prezidenti Mahmud Abbas administrasiyasının tərəfini tutublar. Mövqelərdə mövcud fikir ayrılıqları ərəblərə münaqişənin həllinə təsir göstərməkdə maneçilik törədib.
Müşahidəçilərin fikrincə, Dəməşqlə münasibətlərin normallaşması ərəb dünyasında sabitliyin yaranmasına gətirib çıxara bilər, xüsusən də Livan və Fələstin daxilində.
Hinnebuşun fikrincə, sünnü ərəb dövlətləri üçün Suriya ərəb dövlətlərinin Tehran və "Hizbullah"la danaşıqlarda vasitəçi rolunda çıxış edə bilər.
"Suriya səudiyyə ərəbləri ilə misirlilərin "Hizbullah" və İranla əlaqələrdə gərginliyin azalmasında vasitəçi ola bilər", - deyə Hinnebuş vurğulayıb.
Lakin Ər-Riyad və Qahirə ilə əlaqələrdən faydanı Dəməşq ABŞ-ın yeni administrasiyası ilə təmasların qurulması üçün istifadə edəcək.
Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə iqtisadi və hərbi sahələrdə əsas tərəfdaşıdır.
Harvard universitetinin (University of Harvard) elmi işçisi, Radvan Ziyadehin (Radwan Ziadeh) fikrincə, Misir və Səudiyyə Ərəbistanı ilə normal əlaqələrə malik olmayan Suriyaya ABŞ-la danışıqlar aparmaq çətin olacaq.
Ötən həftə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin səlahiyyətlərini yerinə yetirən Ceffri Feltman və Milli təhlükəsizlik Şurası direktorlarından biri olan Deniel Şapiro Suriya XİN başçısı Valid Müəllimlə görüş keçiriblər.
Beləliklə, bu, Dəməşq və Vaşiqton arasındakı gərginliyi azaltdı. Bu gərginlik son illərdə İran-Suriya münasibətlərinə görə yaranmışdır.
Lakin Ziyadeh hesab edir ki, ABŞ və onun ərəb tərəfdaşları ilə münasibətlər İranla strateji tərəfdaşlığa təsir göstərməyəcək.
ABŞ da hələ ki, Suriya ilə yeni əlaqələri müəyyənləşdirməyib.
"Hələlik Suriya Dəməşqlə gələcək əlaqələrin xarakterini öyrənən ABŞ administrasiyası üçün prioritet təşkil etmir. Belə görünür ki, yeni ABŞ-Suriya münasibətləri mövcuddur. Lakin hələ ki, biz detallardan xəbərsizik" - deyə Trend -a elektron poçt vasitəsi ilə Ziyadeh bildirib.
Suriya rəhbərliyi hələlik ABŞ və ərəb dövlətləri ilə münasibətlərin İranla əməkdaşlığa təsiri ilə bağlı konkret bəyanatlar verməyib.
Lakin Suriya həmişə [ABŞ-a] anladıb ki, İranla münasibətlər heç vaxt alış-veriş predmeti olmayacaq, deyə Trend -a elektron poçtla Kyulliam bildirib.
Müşahidəçilərin fikrincə, qərbyönümlü ərəb dövlətləri ilə yeni əlaqələri Suriya "Hizbullah"la ittifaq hesabına Livanın daxili siyasətinə öz təsirinin güclənməsinə yönəldə bilər.
"Suriya öz tərəfdaşlarının [Hizbullah] yardımından yararlanaraq Livana təsir etməyə çalışacaq", - deyə Ziyadeh vurğulayıb.
Kyulliamın fikrincə, müxalifətdə olan "Hizbullah" iyunda Livanda planlaşdırılan parlament seçkilərində qələbə qazanmaq üçün yaxşı şanslara malikdir. Bu, Suriyaya Livanda möhkəmlənmək üçün Səudiyyə Ərəbistanı ilə əlaqələrdən yararlanmağa daha çox imkan verə bilər.
Suriyanın Livanda əsas rəqibi qərbyönümlü koalisiya olan "14 mart"dır. Bu koalisiya ölkə parlamentində səs çoxluğuna malikdir.

Xəbər lenti

Xəbər lenti