...

İraqın İrana qarşı ərazi iddiası iki ölkənin münasibətlərinə mənfi təsir göstərməyəcək

Siyasət Materials 12 Mart 2009 09:03 (UTC +04:00)
İraqın İrana qarşı ərazi iddiası iki ölkənin münasibətlərinə mənfi təsir göstərməyəcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir D.Xatınoğlu/ İraq rəsmilərinin İrana qarşı qaldırdıqları ərazi iddiası rəsmi Tehrana təzyiq vasitəsi olsa da, iki ölkənin diplomatik əlaqələrinə mənfi təsir göstərməyəcək.
İraq XİN rəhbəri martın 9-da İraqın "Şərqiyyə" telekanalına verdiyi müsahibədə rəsmi Bağdad və Tehran arasında sərhədlərin müəyyənləşməsində "ciddi problem" olduğunu bildirib. İraq XİN rəhbəri Huşyar Zibari bildirib ki, iki ölkə arasında sərhəd problemi, xüsusilə də Ərvənd (Şəttulərəb) çayı üzrə mülkiyyət problemləri müzakirə olunsa da, hələ də ortaq məxrəcə gəlmək mümkün olmayıb.
1975-ci il İran və İraq arasında Əlcəzair hakimiyyətinin vasitəçiliyi ilə bağlanmış konvensiya iki ölkənin sərhədlərini müəyyənləşdirib. İraqın 1980-ci ildə, Əlcəzair konvensiyasına etirazı və Prezident Səddam Hüseynin müqaviləni cırması iki ölkə arasında səkkiz il müharibə və bir milyon insanın məhvi ilə nəticələnib. İraq Prezidenti bir il bundan əvvəl "Əlhəyat" qəzetinə verdiyi müsahibədə, Əlcəzair konvensiyasının dəyərsiz olduğunu bildirib, lakin İranın etirazından sonra, sözlərini geri götürüb.
İran-Ərəb Tədqiqat Mərkəzinin sədri Əlirza Nurizadə Trend -a bildirib ki, İraqda yeni hakimiyyətin yaranması sabiq hakimiyyətin öhdəliklərinin ləğv olunması demək deyil. İraqın yeni hakimiyyəti Səddam Hüseynin devrilməsindən sonra, Səddam hakimiyyəti zamanındakı müqavilələr, konvensiyalar və sazişlərə hörmətlə yanaşdığını elan etmişdi.
Əlcəzair konvensiyası İran şahı və İraqın o zamankı vitse-prezidenti Səddam Hüseyn arasında, Əlcəzair Prezidentinin vasitəçiliyi ilə bağlanıb. Müqaviləyə əsasən, iki ölkənin sərhədləri, xüsusilə də Ərvənd çayının statusu və mülkiyyəti müəyyən olunub. Müqavilədən sonra, İran Şahı İraqda separatçı kürdlərdən dəstəyini kəsib.
Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri (Əmman, İordaniya) rəhbəri Cavad Məhəmməd Hamidin fikrincə, İraq hakimiyyəti ilə Kürd adminstrasiya arasında böyük fikir ayrılığı movcuddur. "İraqın eyni zamanda daxildə olan Kürd İslam qrupları ilə də əlaqəsi var", - Hamid bildirib.
"Kürdlərin İrana qarşı ərazi iddiası qaldırması Baş nazir Nuri əl-Malikinin rəsmi Tehrana qarşı mövqeyinə zidddir və hesab edirəm ki, Əlcəzair konvensiyasi həm iki ölkə hakimiyyətləri arasında, həm İraq parlamentində, həm də BMT-də təsdiq olunub", - Nurizadə çərşənbə günü telefonla Londondan Trend -a bildirib.
Britaniyada fəaliyyət göstərən İran eksperti Nurizadənin fikrincə, İraqın Əlcəzair konvensiyasını ləğv etməsi, İrana müharibə elan etmək deməkdir, lakin İran-İraq arasında olan hazırkı münasibətlər, rəsmi Bağdadın belə bir addım atma məqsədini göstərmir.
Hamid martın 11-də Trend -a açıqlamasında bildirib ki, kürd əsilli Zibarinin çıxışının digər səbəbi budur ki, 2011-ci ildə ABŞ qoşunları İraqdan çıxacaq və İran çalışacaq ki, İraqdakı nüfuzunu daha da artsın. "Zibari belə bir çıxışla İrana təzyiq göstərmək niyyətindədir. İran-İraq gələcəkdə İraqın şimali regionlarının statusu haqqında müzakirə edəcəklər, kürdlər İranın mövqeyini zəiflətmək niyyətindədirlər", - o, hesab edir.
Nurizadə isə hesab edir ki, kürdlər Əlcəzair konvensiyasından narazıdırlar. "1975-ci ildə İran şahı (Məhəmməd Rza Pəhləvi) müqaviləyə əsasən, İraq kürdlərinə dəstəyini dayandırdı və onların milli hərəkatı "dalana dirəndi". Bu səbəbdən İraqdakı kürd milli hərəkatının rəhbəri Molla Mustafa Barizafi İrana sığınmaq məcburiyyətində qalıb.
Britaniyada fəaliyyət göstərən digər iranlı ekspert Rza Təqizadə Zibarinin İrana qarşı ərazi iddiasının ciddi problemlərə səbəb olacağını proqnozlaşdırıb. Təqizadə "Fərda" radiosunun saytında yaydığı məqalədə bildirib ki, İraqın İrana qarşı ərazi iddiası digər İran qonşularının da eyni iddialarla çıxış etməsinə səbəb ola bilər.
İranın ölkə cənubundakı BƏƏ ilə üç adanın mülkiyyəti üzrə problemi var, BƏƏ dəfələrlə İranı onun ərazisini qəsb etməkdə ittiham edib və Ərəb Ölkələri Liqası BƏƏ-nin mövqeyini dəstəkləyib.
İraq, Kürd administrasiyasının mövqeyinə baxmayaraq, İranla sərhəd problemi yaşamadığını bildirib.
İran İraqın şiə hakimiyyətini dəstəkləyir. İraq Baş naziri əl-Maliki İranla sıx diplomatik əlaqədədir, lakin İraqın Kürdüstan administrasiyası "sünni"dir. Digər tərəfdən, İranda yaşayan milyonlarla kürd var və rəsmi Tehran İraq Kürdüstanında baş qərargahı olan Pejak və PKK separatçı qruplarını İran üçün təhlükə mənbəyi hesab edir. 2006 və 2007-ci ildə İran hərbiçiləri İraq Kürdüstanında Pejak və PKK-nın baş qərargahı yerləşən Qəndil dağlarını bombardman edib.
Zibarinin bəyanatına hələlik rəsmi Tehran reaksiya verməyib.
Məqalənin hazırlanmasında Ü.Sadıqova iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti