...

AŞ PA-nın Azərbaycanda referendum üzrə müşahidəçi missiyası seşkilərə səsvermə günündən sonra öz qiymətini verəcək

Siyasət Materials 16 Mart 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda referendumu müşahidə üzrə missiyası prosesə öz qiymətini səsvermə günündən sonra verəcək.

"Avropa Şurasının nümayəndə heyəti Azərbaycana referendumun keçirilməsinə dair təşəbbüsü qiymətləndirmək üçün gəlməyib. Biz yalnız referendumu müşahidə etmək üçün Bakıdayıq", - deyə bazar ertəsi jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahovla görüşdən sonra AŞ PA-nın müşahidəçi missiyasının rəhbəri, Belçikadan olan deputat Pol Villi bildirib.
 
Villi qeyd edib ki, seçkilərədək prosesin özünü qiymətləndirmək mümkün deyil. "Səsvermədən sonra AŞ PA missiyasının üzvləri mətbuat konfransı keçirəcəklər və burada referendumun keçirilməsinə dair öz fikirlərini çatdıracaqlar", - deyə o, bildirib.

Azərbaycanda referendumun müşahidəsi üzrə AŞ PA missiyası altı üzvdən - deputatlar Pedro Aqramon, Yan De Buyer, Daniel Qastol, Hakkı Keskin, Eduard Lintner və Pol Villidən ibarətdir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasıta başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları bu gun martın 16-da, gecə başa çatacaq. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.
Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti