...

Azərbaycanda keçirilən referendumda nəticələrə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb - AVCİYA

Siyasət Materials 19 Mart 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bакı, 19 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanda keçirilən referendumda nəticələrə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb.

"Ölkənin ayrı-ayrı bölgələrində prosesə müdaxilə halları qeydə alınıb. Lakin qeydə alınmış bu qanun pozuntuları çox az sayda məntəqəni əhatə edib və referendumun nəticələrinə təsir etmək həddində olmayıb", - cümə günü Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

AVCİYA 3000 məntəqədə müşahidə aparıb.

Zülfüqarlının sözlərinə görə, AVCİYA Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı səsverməni baş tutmuş hesab edir. "Biz bəyan edirik ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, referendum şəffaf və ədalətli keçib. AVCİYA bu referendumun nəticələrini vətəndaş cəmiyyəti quruculuğu və hüquqi islahatlar sahəsində mühüm mərhələ olduğunu bəyan edir", - Seçki Qərargahının rəhbəri əlavə edib. 

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticəsində görə, seçicilər 29 maddə üzrə 88-93 faiz dəstəkləyib.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti