...

İranın Milli nüvə texnologiyaları günü – Qərbin narahat olmasına dəyərmi?

Siyasət Materials 11 Aprel 2009 14:48 (UTC +04:00)
İranın Milli nüvə texnologiyaları günü – Qərbin narahat olmasına dəyərmi?

Trend -un Fars redaksiyasının icmalçısı Darina İbrahimova.

Cümə axşamı Tehranda Milli nüvə texnologiyaları günü - İranın nüvə sahəsində nailiyyətlərinin nümayiş olunduğu bayram qeyd olunub. Tehran hakimiyyəti son vaxtlar artıq necənci dəfədir ki, dünya ictimaiyyətini "dinc energetika" sahəsində əldə etdiyi uğurları və xeyli dinc atom işləmələri ilə "sevindirir". Iranlıların bildirdiyinə görə, dinc və qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatların qəti əminliklə bildirdiklərinə görə, qeyri-dinc.

Bütün dünya və xüsusilə də İran üçün "fərəhli" olan bu hadisə ABŞ Dövlət Katibi Hillari Klintonun Birləşmiş Ştatlar nümayəndələrinin bundan sonra BMT Təhlukəsizlik Şurası və İran arasında aparılan danışıqlarda tam hüquqlu üzv kimi iştirak edəcəyinə dair bəyanatının sabahı günü baş verib. Əvvəllər isə ABŞ bu danışıqlarda sadəcə "dinləyici" kimi iştirak edirdi.

Tehran müntəzəm olaraq hər növ nüvə obyektləri açsa, sınaqlar keçirsə belə, İranın nüvə silahı əldə etməsi ilə bağlı Qərbin narahatlığı beləmi əsaslıdır? İran nə edir etsin, hər şey həqiqətdə dinc energetika və elmi inkişaf çərçivəsində baş verir, sadəcə, Qərb artıq hər şeyin təhlükəli olmağa başlayacağı anı qaçırmaqdan qorxur.

Lakin İranın əldə etdiyi nailiyyətlər üzündən hətta bu ölkəyə qarşı köhnə təsir tədbirləri belə Qərbin istədiyi kimi o qədər də səmərəli deyil. BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı tətbiq olunan iqtisadi qadağalar gözlənilən nəticəni vermədi, əksinə, iranlıları daha da "cuşa gətirdi".

Yekunda BMT Təhlükəsizlik Şurası "altılığı" İranı yeni diplomatik danışıqlara başlamağa və danışıqlara bir daha "yeni nəfəs" verməyə çağırdı. İran bu təklifləri nəzərdən keçirəcəyinə vəd verib və xoşbəxtlikdən onun buna vaxtı var, çünki bu danışıqların keçirilməsinin dəqiq çərçivəsi hələ müəyyən olunmayıb. Və buna görə Tehranda "nüvə bayramı"na hazırlıqla məşğul olmağa başladılar. Bayrama hazırlıq nə bir, nə də iki gün çəkir; İranda bu bayrama bir neçə il ərzində daima və qibtə olunacaq inadla hər gün hazrlaşırlar.

Əvvəlcə peyk oldu ... İranın şəxsi istehsalı olan ilk peyk uğurla səmaya buraxıldı və bir neçə həftədən sonra uğurla yerə qayıtdı. Şübhəsiz ki, bu buraxılış qərb dövlətlərində narahatçılıq oyatdı, çünki bəzi ekspertlər hesab edirdilər ki, peykin olduğu yerdə, tezliklə nüvə başlıqlı raketlər də ola bilər. Lakin praktikada peyklərdən nüvə raketlərinədək olan məsafə düşündüyümüzdən daha çoxdur.

Peykin buraxılmasından sonra İran əldə olunanlarla kifayətlənməyəcəyinə və kosmik dövlət olmaq niyyətində möhkəm olduğuna dəfələrlə işarə etdi. İranın rəsmi şəxslərinin təqribən 2021-ci ildə kosmosa uçacaq İran kosmonavtı və əlavə yeddi peykin hazırlanmasına dair bəyanatlarını başqa necə qiymətləndirmək olar?

Peyk yerə qayıtmamış, iranlılar Buşehr atom stansiyasını test rejimində işə saldılar. Bu dəfə "nailiyyət" Rusiya ilə birgə əldə olundu. Bunun təsadüfən və ya qəsdən "kiçik" gecikmə ilə baş verməsi uğurlu sınağın sevincini pozmadı. Rusiyanın "Atomtikinti" şirkəti hələ 1995-ci ildə, İran ilə bu şirkət arasında müqavilə bağlanan zaman stansiyanın tikintisini öz üzərinə götürəcəyini vəd vermişdi. 

Bax indi, kiçik tənəffüsdən sonra İran öz nailiyyətlərini bayram etdi. Hamı yorulmadan zəhmətə qatlanan İranın yeni "kəşf"inin necə olacağı barədə fikirlər irəli sürürdü. Bu, uran yanacaq həbləri istehsalı zavodunun rəsmi açılışı və daha böyük sürətlə uranı zənginləşdirməyə imkan verən yeni sentrifuqların təqdimatı da ola bilərdi.

Yekunda İran proqramı "əla" icra etdi: yeni stansiya da açıldı, uranın tam zənginləşdirilmiş tsikli də əldə olundu, sentrifuqların sayı da 7000-ə çatdı (MAQATE-nin onların hamısnın fəaliyyətdə olmadığını deməsinə baxmayaraq) və onlar uranı daha tez zənginləşdirəcəklər. Uran nə qədər tez zənginləşdirilərsə, nüvə silahı bir o qədər tez əldə olunar... nəzəri cəhətdən. Çünki praktikada nüvə silahının yaradılması istifadə olunmalı uranın zənginləşdirilməsindən hələ çox uzaqdır. İranın sərəncamında olan sentrifuqların texniki xarakteristikası kifayət edəcək səviyyədə zənginləşdirilmiş uran əldə etməyə imkan vermir, əgər İranın sözünə inansaq. Həmçinin, əgər inansaq, Tehranın bu məsələdə hərbi məqsədləri də yoxdur.

Hazırda yaranmış şəraitdə Qərbin hasısa addım atmasının mənası yoxdur, çünki nə iqtisadi, nə də siyasi təzyiqlər kömək olmadı. Qərb həm də yaxın zamanlarda İranda seçkilərin keçiriləcəyini unutmamalıdır və heç kim hazırkı dövlət rəhbərindən daha çox loyal namizəd olan islahatçı Hüseyn Musəvinin seçkilərdə qələbə qazanmaq imkanlarını istisna etmir.

Musəvi öz platformasında özəl televiziyanı dəstəkləyəcəyini bildirib, o, hətta İranın obrazının dünya ictimaiyyətinin gözündə dəyişəcəyinə vəd verib. Lakin onun da bildirdiyinə görə, o, nüvə proqramından imtina etmək niyyətində deyil.

Cümə axşamı Qərb ilə yeni danışıqlara başlamağa hazır olduğunu bildirən Əhmədinejad isə hələ öz namizədliyini təsdiq etməsə də, prezident postuna az ehtimal olunan namizəd deyil. Yekunda İran yanacaq əldə etmək üçün uranın tam zənginləşdırilmiş tsiklinə malikdir, Qərb ilə az və ya çox dərəcədə əməkdaşlığa hazır olduqlarını bildirən namizədlər də var. Silahın yaradılması üçün texniki imkanlar isə hələ ki, yoxdur. İranın əminliklə bildirdiyinə görə, onun bu silahı yaratmaq istəyi də yoxdur, deməli, Qərbin narahat olmasına da səbəb olmamalıdır.

Lakin İranın nüvə proqramını dinc mahiyyətlə inkişaf etdirdiyini, elmi nailiyyətlərin heç bir hərbi məqsəd daşımadığını dəfələrlə deməsinə baxmayaraq, onun hər bir "personal kəşfi", sadə dillə desək, Qərb üçün narahatlıq doğurur. Baş verən son hadisələrin fonunda İranın qərb "tərəfdaşları" üçün ümumiyyətlə çox sürprizləri olduğunu demək olar və bu sürprizlər nə Avropaya, nə də Birləşmiş Ştatlara dinc həyat vəd edir.

Xəbər lenti

Xəbər lenti