...

Azərbaycan və türkiyəli deputatlar Türkiyənin Ermənistanla sərhədləri açmasına qarşıdır

Siyasət Materials 15 Aprel 2009 16:21 (UTC +04:00)
Azərbaycan və türkiyəli deputatlar Türkiyənin Ermənistanla sərhədləri açmasına qarşıdır

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir C. Babayeva /

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Türkiyə-Ermənistan sərhədlərinin açılmasına və Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaranmasına qarşı çıxış edir.

"Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkənin strateji münasibətlərinin ziyanına yönəldilmiş istənilən fəaliyyət yolverilməzdir", - deyə çərşənbə günü "Ana Vətən" Partiyasının sədri, deputat Fəzail Ağamalı "Azərbaycan-Türkiyə: ümumi maraqlar və problemlər" forumunda bildirib.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən korlanan münasibətləri normallaşdırmağa çalışır. Buna səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı"nın tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

Cümhuriyyət Xalq Partiyasından olan türkiyəli deputat Şükrü Elekdağ bildirib ki, Türkiyə Cənubi Qafqazda sülh və stabilliyin tərəfdarıdır. "Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Cənubi Qafqazda sülh və stabilliyin bərpası mümkün deyil", - deyə Elekdağ bildirib.
Elekdağ bildirib ki, Türkiyə-Ermənistan sərhədləri açılacağı təqdirdə Türkiyə təcavüzkar Ermənistanı mükafatlandırmış olacaq. "Türkiyədə aparılan sorğunun nəticələri göstərir ki, ölkə əhalisinin 95 faizi sərhədlərin açılmasına qarşıdır. Ümid edirik ki, Türkiyə hökuməti xalqın rəyini nəzərə alacaq və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunmayınadək sərhədləri açmayacaq", - o, vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyincə, CənubiQafqazda sülh və stabilliyin bərpası mümkün deyil.

Türkiyənin Milliyyətçi Hərəkatı Partiyasının deputatı Atilla Qaya bildirib ki, Azərbaycan ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalına qarşı etirazı Türkiyə hakimiyyətinin qərarına təsir göstərib.

"Azərbaycan və Türkiyə xalqları Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin bərpasını, sərhədlərin açılmasına yönəldilmiş addımları heç vaxt dəstəkləməyəcək", - deyə Qaya qeyd edib.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq.

Bu gün Azərbaycan Milli Məclisində (Parlament) "Azərbaycan-Türkiyə: ümumi maraqlar və problemlər" forumu keçirilir. Görüşdə Türkiyə parlamentindən Cümhuriyyət  Xalq Partiyasını təmsil edən Şükrü Elekdağ, Yılmaz Ateş, Şahin Mendu, Milliyyətçi Hərəkat Partiyasından Atilla Qaya, Turan Çirkin, Bulend Didin, və müstəqil deputat Məhəmməd Azəri iştirak edirlər.

"Azərbaycan və Türkiyənin qardaşlığı əbədidir və heç bir qüvvə iki ölkənin dostluğuna ziyan gətirə bilməz", - deyə azərbaycanlı deputat Ağamalı bildirib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti