...

İran parlamentinin Qərblə Tehran arasındakı danışıqlarda iştirakı nüvə proqramının həllinə yardım göstərə bilər

Siyasət Materials 15 Aprel 2009 18:04 (UTC +04:00)
İran parlamentinin Qərblə Tehran arasındakı danışıqlarda iştirakı nüvə proqramının həllinə yardım göstərə bilər

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir D. İbrahimova /

İran parlamentinin Qərblə Tehran arasındakı danışıqlarda iştirakı nüvə proqramının həllinə müsbət təsir göstərə bilər, lakin onun iştirakı həlledici olmayacaq.

"Qərblə İran arasındakı problemlər yalnız Tehranın, imzalanması parlamentdən asılı olan NSYM (Nüvə Silahının Yayılmaması barədə Müqavilə) əlavə protokolu qəbul edəcəyi təqdirdə həll oluna bilər", - deyə Trend -a beynəlxalq məsələlər üzrə İran mənşəli almaniyalı ekspert Mehran Barati bildirib.

IRNA agentliyinin verdiyi xəbərə görə, İran parlamentinin spikeri Əli Laricani bazar ertəsi bildirib ki, ölkə parlamenti Qərb ölkələri ilə İran arasında aparılan "danşıqlar prosesində daha fəal iştirak edəcək". İndiyədək İran parlamenti Qərblə İran arasında aparılan danışıqlarda iştirak etməyib.

Qərblə İran arasında maneə Tehranın nüvə proqramını inkişaf etdirməsidir. Bir sıra Avropa ölkələri və Birləşmiş Ştatlar İranın nüvə silahı yarada biləcəyindən ehtiyatlanır, İran isə öz növbəsində proqramın dinc məqsədlər üçün inkişaf etdirildiyini təkid edir. Qərb ölkələri və Birləşmiş Ştatlar İranın nüvə proqramının inkişafını dayandırmasını israr edirlər. Son iki ildə BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı üç iqtisadi qadağa tətbiq edilib ki, onların da heç biri nəticə verməyib.

Ekspertlər belə fikirdədirlər ki, parlamentin bu danışıqlarda iştirakı dövlətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərəcək.

Barati hesab edir ki, İranın nüvə proqramının həlli ilə bağlı məsələlər parlamentin əlindədir və onların nüvə silahının yayılmamasına dair əlavə protokolu imzalamasından asılıdır. "Əgər bu protokol qəbul olunarsa, o zaman MAQATE inspektorları İranın bütün nüvə obyektlərinə baş çəkə və lazimi araşdırmalar apara biləcəklər", - deyə Trend -a telefonla "Berlin" Araşdırmalar Mərkəzinin üzvü Barati bildirib.

NSYM-in əlavə protokoluna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin inspektorları xəbərdarlıq etmədən ölkənin nüvə obyektlərində yoxlamalar apara bilərlər.

Barati bildirib ki, İran əvvəllər əlavə protokolun iştirakçısı idi, lakin sonradan onu tərk etdi və bunu MAQATE inspektorlarının casusluq etməsi ilə izah etdi. NSYM-in əlavə protokolundan çıxmaqla Tehran, inspektorların obyektlərdə yoxlama aparma imkanlarını məhdudlaşdırdı.

Nüvə silahının yayılmasının qarşısının alınması üzrə qlobal səylər çərçivəsində MAQATE nüvə materiallarının qanuni dinc istifadədən hərbi məqsədlərə yönəlməməsi üçün yoxlamalar həyata keçirir.

Parlamentin iştirakı həm də danışıqlar nəticəsində qəbul olunan qərarların məhz onun tərəfindən təsdiq edilməli olduğu üçün müsbət ola bilər. "Danışıqların nəticələrinin təsdiqi, əgər onlar əldə olunarsa, parlamentin əlindədir, buna görə də parlamentin bu danşıqlarda iştirakı mühümdür", - deyə Trend -a telefonla beynəlxalq məsələlər üzrə iranlı ekspert Davud Hermidas Bavand bildirib.

Bununla yanaşı, İran parlamentinin spikeri Qərblə nüvə proqramı üzrə şəxsən danışıqlar aparıb. Barati hesab edir ki, onun bu danışıqların aparılmasında təcrübəsi də parlamentin Qərblə danışıqlarda iştirakının müsbət amili ola bilər.

Lakin İran parlamentinin nümayəndəsi hesab edir ki, parlament Qərblə İran arasındakı danışıqlarda yalnız müşahidəçi qismində iştirak edəcək. "Danışıqların müşahidəsi parlamentin vəzifələrindən biridir və Laricanının bəyanatı qüvvədə olan qanunlara əsasən edilib", - deyə Trend -a telefonla İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komissiyasının sədr müavini İsmayıl Kövsəri bildirib.

Lakin İran ekspertlərinin parlamentin iştirakının Qərblə danışıqların gedişatına müsbət təsir göstərəcəyinə dair əminliklərinə baxmayaraq, amerikalı ekspert buna şübhə ilə yanaşır.

"Mən düşünmürəm ki, parlamentin iştirakı danışıqlara güclü təsir göstərəcək, çünki hakimiyyətin əsas qolları dini lider Ayətullah Əli Xameneyinin əlindədir və yekun hesabda siyasətdə əsas qərarlar ondan asılı olacaq", - deyə Trend -a elektron poçtla Yaxın Şərq üzrə amerikalı ekspert Robert Fridman bildirib.

1989-cu ildən İranın dini lideri olan Xameneyi dövlət hakimiyyətinin bütün əsas qollarına nəzarət edir: məhkəmə, ordu, həmçinin kütləvi informasiya vasitələri. O, məhkəmə sistemi, dövlət radiosu və televiziyasının rəhbərlərini təyin edir

Karneqi Mərkəzinin (Carnegie Endowment) İran üzrə eksperti Karim Sacadpurun məruzəsində bildirilir ki, 12 üzvdən ibarət olan (Birbaşa və ya dolayısı ilə Xameneyi tərəfindən təyin edilən) parlamentin qərarına veto qoymaq və seçkilərdə namizədlərin etibarlılığının yoxlanılması hüququna malik olan Keçişçilər Şurası onun idarəçiliyi altındadır. İranın dini liderinin səlahiyyətləri 1989-cu ildə İran Konstitusiyası dəyişdirilən zaman genişləndirilib. İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, İran hökuməti siyasətinin müəyyən edilməsi də dini liderin əlindədir.

Məqalənin yazılmasında T.Cəfərov da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti