Azərbaycan, Bakı, 09 may / Trend , müxbir C.Babayeva /
Yaponiya hökumətinin ümumi qrant yardımı çərçivəsində həyata keçirilmiş "Bakı şəhərində təcili tibbi yardım avadanlığının təkmilləşdirilməsi" layihəsinin başa çatması münasibəti ilə mayın 12-də açılış mərasimi keçiriləcək.
Yaponiyanın Azərbaycandakı səfirliyinin Trend -a ünvanladığı məlumatda bildirilir ki, açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri cənab Masamitsu Oki, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavini Elsevər Ağayev və müvafiq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Yaponiya səfirliyi və Azərbaycan Respublikası hökuməti arasında 2008-ci ilin martın 5-də Nazirlər Kabinetində "Bakı şəhərində təcili tibbi yardım avadanlığının təkmilləşdirilməsi" layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yaponiya hökumətinin ümumi qrant proqramı çərçivəsində 222 milyon yapon yeni (təqribən 2,05 milyon ABŞ dolları) ayrılması nəzərdə tutulurdu.
Layihə çərçivəsində 1200 həkim və 1200 tibb bacısına təcili tibbi yardım xidməti üzrə güclü təlim keçiriləcək. Layihənin həyata keçirilməsi nəticəsində 3 saylı Bakı şəhər kilinik xəstəxanasının, 6 saylı Bakı kilinik xəstəxanasının, 26 saylı xəstəxananın və Respublika nerocərrahiyyə xəstəxanasının təcili tibbi yardım fəaliyyəti gücləndirilərək inkişaf etdirilib. Layihə çərçivəsində iki növ avadanlıq təchiz olunub: reanimasiya avadanlığı və tibbi heyət üçün təlim avadanlığı.
1999-cu ildən etibarən Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardım Proqramı çərçivəsində iqtisadi infrastrukturun, kənd təsərrüfatının, sosial və mədəniyyət sahələrinin təkmilləşdirilməsi, o cümlədən insan resurslarının bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasına göstərdiyi yardımın ümumi məbləği 1.03 milyard ABŞ dolları təşkil edir.