Azərbaycan prezidenti "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nə dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nə dəyişikliklərin edilməsi ilə bağlı fərman imzalayıb. Bu haqda xəbəri AzərTAc dövlət informasiya agentliyi yayıb.
Fərmana əsasən 5-ci bənddə "mövcud qanunvericiliyə zidd olmayan" sözləri "qanunvericiliklə nəzərdə tutulan" sözləri ilə əvəz edilib; 8.12-ci bənddə "məlumatlandırılmasını" sözündən sonra ", internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini" sözləri əlavə edilib; 8.13-cü bənddə "təmin etmək" sözlərindən sonra ", həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək" sözləri əlavə edilib; 9.6-cı bənd və 9.8-ci bənddən ", internet saytı yaratmaq və ondan istifadə etmək" sözləri çıxarılıb; 10-cu və 14.4-cü bəndlərdən "mərkəzi" sözü çıxarılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.