...

Azərbaycanla Rusiya mətbuatı və qeyri-hökumət təşkilatlarının əlaqələri genişləndiriləcək – Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 15 May 2009 17:46 (UTC +04:00)
Azərbaycanla Rusiya mətbuatı və qeyri-hökumət təşkilatlarının əlaqələri genişləndiriləcək – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanla Rusiya kütləvi informasiya vasitələri (KİV) və qeyri-hökumət təşkilatlarının əlaqələri genişləndiriləcək.

"Səfər zamanı hər iki ölkədə fəaliyyət göstərən QHT-lərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verə biləcəyi dəstək müzakirə olunub. Gələcəkdə bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq fikir mübadiləsi aparılıb. Əsas məqsəd iki ölkənin ictimai-siyasi, KİV, QHT-lər sahəsində əlaqələrinin yaxşılaşdırılmasıdır", - cümə günü Trend -a Rusiyaya səfərinin nəticələrini şərh edərkən Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Moskvada səfərdə olub. Həsənov Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin və MDB-nin icraçı katibi Sergey Lebedevlə görüşüb.

Həsənov Moskvada keçirdiyi görüşlər zamanı ictimai-siyasi, KİV, QHT-lər sahəsində əlaqələrin yaxşılaşdırılması, iki ölkənin ictimai-siyasi təşkilatları arasında gələcək əlaqələr, mətbuat orqanları və gənclər arasında müxtəlif sahələrdə keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparıldığını bildirib. 

Prezident Administrasiyasının rəsmisi Lebedevlə keçirdiyi görüşdə əsas müzakirə mövzusunun MDB-də bu il elan edilmiş "Gənclər ili" çərçivəsində Azərbaycan gənclərinin bu və digər tədbirlərdə iştirakı məsələsi olduğunu deyib.

"MDB "Gənclər Forumu"nun Azərbaycanda və ya başqa ölkədə keçirilən zaman azərbaycanlı gənclərin iştirakının prinsip və yollarını müzakirə etdik. MDB çərçivəsində həyata keçirilən ictimai, siyasi, sosial əlaqələrdə Azərbaycanın iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb", - Həsənov əlavə edib. 

Onun sözlərinə görə, səfər çərçivəsində Rusiyanın müxtəlif informasiya agentliklərində olub və onların iş şəraiti ilə tanış olub. "Azərbaycan və Rusiyanın informasiya agentlikləri və KİV-lərarası əlaqələrin yaradılması məsələləri müzakirə olunub. Gələcəkdə Azərbaycan və Rusiya QHT-lərinin görüşlərinin təşkil olunması, iki ölkə gənclərinin dəyirmi masaların, KİV-lərin iştirakı ilə birgə tədbirin keçirilməsi, Azərbaycan və Rusiya gənclərinin və QHT-lərin qarşılıqlı tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb", - şöbə müdiri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti