Azərbaycan, Bakı, 20 may / Trend , müxbir Ü.Sadıxova /
"Ermənistan-Tükiyə münasibətlərinin normallaşmasını nəzərdə tutan "Yol xəritəsi" ilə bağlı son söz-söhbətləri nəzərə alaraq demək olar ki, yaxın vaxtlarda regionda bütün geosiyasi durumun dəyişiləcəyi gözlənilir. Bu, Rusiya və İranın Cənubi Qafqazdan sıxıştırılması ilə də əlaqəlidir", - Azərbaycanın Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev deyib.
"Regionda əsrlərdir marağı olan Rusiya və İranı üçüncü tərəf sıxışdırır. Üçüncü tərəfi şərti olaraq Qərb adlandıraq. "Şərq tərəfdaşlığı" bu elementlərdən biridir", - "Yol xəritəsi"nə həsr olunmuş politoloqların iştirak etdiyi dəyirmi masada Rzaquliyev deyib.
"Şərq tərəfdaşlığı" Avropa İttifaqı tərəfindən təqdim edilən xüsusi proqramdır. Proqram Polşa XİN rəhbəri tərəfindən 2008-ci il mayın 28-də Xarici Əlaqələr Şurasında təqdim edilib. Proqramın başlıca məqsədi Aİ-nin altı postsovet ölkələri ilə yaxınlaşmasından ibarətdir: Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarus. Mayın 7-də Praqada keçirilən Aİ-nin sammitində proqram rəsmi olaraq qüvvəyə minib.
Rzaquliyevin sözlərinə əsasən, "Şərq tərəfdaşlığı"nın imzalanması tez bir zamanda Azərbaycanın üzünə Avropa qapılarının açılması anlamına gəlmir. Avropa inkişafın magistal yollarını təklif etdiyi üçün sərfəli olsa da, yaddan çıxarmaq lazım deyil ki, Avropa İttifaqı ilkin olaraq xristian ittifaqı kimi yaradılıb.
"Avropa heç vaxt xristian-islam tərəfdaşlığı çərçivəsində genişlənməyəcək", - azərbaycanlı politoloq hesab edir.
Politoloqun fikrincə, hazırda regionda Qərb və Rusiya qarşıdurması gedir və bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin birgə həllinə ümid etməyə gərək yoxdur.
"Dağlıq Qarabağ münaqişəsinin həlli açarları Moskva və Vaşinqtondadır, yalnız onların qarşılıqlı fəaliyyəti problemin həllinə gətirə bilər", - Rzaquliyev qeyd edib.
O, əlavə edib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ötən həftə Bakıya baş tutan səfərini nəzərə alsaq Türkiyə-Ermənistan sərhədinin açılması məsələsində Azərbaycan diplomatiyası qələbə qazanıb.
"Mayın 13-də Ərdoğanın səfəri Azərbaycanın böyük qələbəsidir. "Yol xəritəsi" layihəsinin Azərbaycan üçün sərt formada işlənəcəyini düşünmürəm", - Rzaquliyev vurğulayıb.
Türkiyə və Ermənistan hələ 1993-cü ildən kəsilmiş münasibətlərini normallaşdırmağa çalışır. Buna səbəb Ermənistanın beynəlxalq arenada uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.
Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etməyə dair Yerevana dəvətini qəbul edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]