...

İranda Böyük Britaniya səfirliyinin bağlanması müzakirə olunur – Milli təhlükəsizlik komissiyasının üzvü

Siyasət Materials 23 İyun 2009 09:01 (UTC +04:00)
İranda Böyük Britaniya səfirliyinin bağlanması müzakirə olunur – Milli təhlükəsizlik komissiyasının üzvü

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir D.Xatınoğlu /

Böyük Britaniya səfini ölkədən çıxarmaq və bu ölkə ilə münasibətləri yenidən nəzərdən keçirmək İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasında müzakirə olunub. Bu barədə komissiyanın üzvü və mətbuat katibi Kazım Cəlali Trend -a bildirib.

Onun sözlərinə görə, Milli təhlükəsizlik komissiyası Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bu barədə müzakirələr aparıb.

Lakin Cəlali bu məsələ ilə bağlı konkret qərarın qəbul olunması barədə məlumat verməkdən imtina edib.

Cəlali əlavə edib ki, Qərb ölkələri geniş şəkildə İranın daxili işlərinə müdaxilə edir. "Hələlik Britaniya ilə münasibətlərin məhdudlaşdırılması barədə müzakirələr aparmışıq, digər Avropa ölkələri isə müzakirə olunmayıb", - Cəlali bildirib.

O, bazar ertəsi Tehrandan telefonla Trend -a Britaniya mətbuatını da İrandakı iğtişaşların baş verməsində günahkar hesab etdiyini bildirib.

İranda iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticəsinə etiraz olaraq müxalifət aksiya keçirib. Polis və təhlükəsizlik məmurları aksiyaçılara qarşı sərt reaksiya göstərib. CNN-in qeyri-rəsmi mənbələrdən aldığı məlumata əsasən, aksiyada 150 nəfər həlak olub, lakin rəsmi mənbələr ölənlərin sayının 13 nəfər olduğunu bildiriblər.

Cəlali, həmçinin əlavə edib ki, İran bütün ölkələr ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir, lakin heç kimə ölkənin daxili işlərinə müdaxilə etməyə icazə verilməyib.

Bazar günü İran hökuməti bəyan edib ki, BBC teleradio korporasiyasının müxbiri Con Leyni reportajlarına görə ölkədən çıxarılır. İran hökumətinin məlumatına əsasən, BBC müxbiri "uydurma xəbərlərin və reportajların yayılması, xəbərlərdə bitərəfliliyə etinasızlıq, qiyamçılara dəstək göstərilməsi və İran xalqının hüquqlarının tapdalanmasında ittiham olunur".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti