...

Çin Əfqanıstanda sərmayə yatırmaq üçün böyük potensiala malikdir - Əfqanıstanın Çindəki səfirliyinin birinci katibi ilə müsahibə

Siyasət Materials 31 İyul 2009 15:58 (UTC +04:00)
Çin Əfqanıstanda sərmayə yatırmaq üçün böyük potensiala malikdir - Əfqanıstanın Çindəki səfirliyinin birinci katibi ilə müsahibə

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir D.Xatınoğlu /

Trend -un Fars redaksiyasının Əfqanıstanın Çindəki səfirliyinin birinci katibi Harun Nəcmpur ilə müsahibəsi

- Son vaxtlar Kabil və Pekin arasında Çinin Əfqanıstan vasitəsi ilə İrana ticarət dəhlizi ilə birləşməsi layihəsi müzakirə olunur. Layihəyə əsasən, Əfqanıstan tranzit ölkə olacaq. Tranzit üçün Əfqsnıstanda infrastrukturun yaxşılaşdırılmasına sərmayə yatırılması haqda da müzakirələr aparılıbmı?

- Əfqanıstan hökuməti iki il öncə bu ideyanı irəli sürdü və Çin tərəfi bu təklifi dəstəklədi. Hər iki tərəf bu məsələ üzrə bir neçə dəfə müzakirələr aparıb. Əfqanıstanın xarici işlər naziri cənab İspentanın Çinə son səfəri zamanı layihənin mümkünlüyünün araşdırılması haqda razılaşma əldə olundu. Layihənin icrası üçün böyük vəsait lazımdır. Layihənin icrası regionun inkişafına kömək edəcək və Çini Əfqanıstan vasitəsi ilə Fars körfəzi ölkələri və İranla birləşdirəcək. Layihə çərçivəsində dəmir yollarının çəkilməsi planlaşdırılır. Bu layihənin icrası İran üçün də sərfəli olacaq.

- 2008-ci ildə Əfqanıstan və Çin arasında ticarət dövriyyəsi 600 milyon dollar təşkil edib. Hazırda iki ölkə arasında bu göstərici necədir və hansı şirkətlərlə hansı sahələrdə daha çox əməkdaşlıq edirsiniz?

- İki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi dəyişməyib. Əlbəttə, bu rəqəm iki ölkə arasında birbaşa ticarət dövriyyəsinin göstəricisidir, iki ölkə arasında üçüncü ölkə vasitəsi ilə ticarət dövriyyəsinin səviyyəsi daha çoxdur. Çin və Əfqanıstan arasında ticarət dövriyyəsi səviyyəsini artırmaq üçün potensial çoxdur. Əfqanıstan ötən il Çinin Kunminq şəhərində keçirilən idxalat-ixracat sərgisində iştirak edib. 2010-cu ildə Şanxayda keçiriləcək sərgidə də iştirak edəcəyik. Bu sərgi iki ölkənin məhsulları ilə tanışlıq üçün əlverişli şərait yaradacaq. Çin Əfqanıstana ixrac etdiyi 180 növ məhsul üçün gömrük xərclərini ləğv edib və bu ticari əlaqələrin inkişaf etməsini göstərir. Çin şirkətləri Əfqanıstanda rabitə, avtomobil yollarının tikintisi və bərpası, tikinti işləri, mədən və s. böyük və kiçik sahələrə sərmayə yatırır.

- Ötən ilin noyabr ayının 20-də Əfqanıstanın sənaye və mədən naziri İbrahim Adil ölkənin ən böyük "Aynak" mis mədəni üzrə keçirilmiş tenderin qalibinin adını açıqladı. "China Metallurgical Group" şirkəti bu layinin icrası üçün 3 milyard dollar təklif etdiyi üçün tenderin qalibi oldu. Çin şirkəti bu sərmayəni yatırdımı? Ümumiyyətlə, Əfqanıstan və Çin arasında əlaqələrin gələcəyini necə dəyərləndirirsiniz?

- Bəli, Çin şirkəti bu sərmayəni yatırdı və iyulun 10-da Əfqanıstanın "Aynak" mis mədənindən mis hasilatı üzrə layihənin icarasının açılış mərasimi keçirildi. Bu, Əfqanıstanda yatırılmış ən böyük sərmayədir. Nəzər alsaq ki, Əfqanıstanda istifadə edilməmiş mədənlərin sayı çoxdur, aydın olur ki, Çinin Əfqanıstanda sərmayə yatırması üçün böyük potensial var. Bu, Çinin regionda nüfuzunu artırmaqla yanaşı, sülh və sabitliyə də səbəb olacaq.

- Çin və ABŞ regionda strateji və iqtisadi rəqibdirlər. Bu rəqabətin Əfqanıstana təsiri barədə nə deyə bilərsiniz?

- ABŞ və Çin Əfqanıstanda yaxından əməkdaşlıq edirlər. Əfqanıstan bu gün beynəlxalq əməkdaşlıqlar mərkəzinə çevrilib. Çin Əfqanıstan üçün yaxşı qonşudur, Əfqanıstan müstəqil ölkədir və digər ölkələrlə əlaqələrini necə quracağı haqda özü qərar qəbul edir. Digər tərəfdən, bizim strateji müttəfiqlərimiz Əfqanıstanın, ümumiyyətlə regionun və Çinin iqtisadi inkişafını dəstəkləyirlər.

- Çin öz mövqe və imkanlarından istifadə etməklə Əfqanıstanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına kömək edir, bəs NATO-nun Əfqanıstanda olması Çinin narahat etmirmi?

- Çin Əfqanıstanla heç vaxt problemi olmayan qonşu ölkədir, elə ona görə də Əfqanıstanda əməkdaşlıq səviyyəsini artıamaq niyyətindədir. Çin Əfqanıstanın siyasi inkişafını dəstəkləyir. Bu ölkənin Əfqanıstanda müxtəlif layihələrə sərmayə yatırması buna əyani nümunədir. Digər tərəfdən, biz də öz növbəmizdə Çini ölkədə sərmayə yatırmağa dəvət edirik və "Ticarət dəhlizi"nin yaradılması ilə bu əlaqələr daha da inkişaf etdiriləcək.

NATO-nun Əfqanıstanda yerləşdirilməsi ilə bağlı deməliyəm ki, NATO BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında Əfqanıstandadır. Çin də həmin Şuranın üzvüdir. Digər tərəfdən, biz belə bir narahatlığı hiss etməmişik. Çin beynəlxalq qüvvələrin Əfqanıstanda olmasını dəstəkləyir, çünki bütün regionu təhlükə ilə üz-üzə qoyan terrorizmə qarşı fəal mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti