Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) "Transparency International" təşkilatının son hesbatının həqiqətəuyğun olmadığını hesab edir.
"Təəssüf ki, "Transparency International" öz hesabatını hazırlayarkən subyektivliyə yol verib. Təşkilatın Azərbaycanla bağlı yaydığı məlumat həqiqətəuyğun deyil. Bu gün Azərbaycanda icra, qanunvericilik və məhkəmə hakimiyyətləri korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirirlər", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Trend -un arayışı: "Transparency International" təşkilatının son hesabatında korrupsiyanın səviyyəsinin daha çox olduğu ölkələr siyahısında Azərbaycan ikinci yeri tutub.
Qurbanlı bildirib ki, dövlət büdcəsi vəsaitlərinin xərclənməsi ciddi nəzarət aıltındadır və şəffaf şəkildə həyata keçirilir. "Bütün bunlar Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün atılan addımlardır. Ən vacib məqam korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaqdır. Yalnız inzibati yollarla bu halların qarşısını tam almaq mümkün deyil. Neqativ halların aradan qaldırılması islahatların həyata keçirilməsi nəticəsində baş verə bilər ki, Azərbaycan da bu yol ilə gedir", - millət vəkili deyib.
Onun fikrincə, "Transparency International" Azərbaycandakı vəziyyəti təhlil edərkən düzgün metodoloji araşdırmalar aparmayıb. "Əslində, bu gün korrupsiya ilə mübarizə dünyanın bütün ölkələrində gedir. Biz, Qərb ölkələrində tez-tez böyük korrupsiya qalmaqallarının şahidi oluruq. Hazırda BMT səviyəsində korrupsiya ilə bağlı müxtəlif proqramlar həyata keçirilir. Hesab edirəm ki, "Transparency International" təşkilatı Azərbaycanla bağlı dəqiq araşdırmalar aparmayıb", - Qurbanlı bildirib.
Millət vəkilinin sözlərinə görə, əgər Azərbaycanda korrupsiyanın vəziyyəti təşkilatın iddia etdiyi kimi olsaydı, ölkəmiz inkişaf səviyyəsinə görə dünyanın lider dövlətləri sırasında yer tutmazdı. "Korrupsiyanın kök saldığı bir ölkədə iqtisadi inkişaf deyil, geriləmə müşahidə edilərdi. Ancaq, göründüyü kimi, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır", - Qurbanlı deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]