Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Qaqrski şəhər məhkəməsi (Potidə fəaliyyət göstərir və Abxaziya Muxtar Respublikasının qanuni orqanlarına aiddir) bu gün Türkiyənin "Buket" gəmisinin kapitanı və dörd Azərbaycan vətəndaşının da daxil olduğu ekipajın işinə baxacaq.
Hakim Qelı Kiriyanın qərarına əsasən, işə baxılması ötən cümə axşamı müdafiə tərəfinin xahişi ilə başqa vaxta salınmışdı.
Təqsirləndirilənlərin vəkilləri prokurorluq və təqsirləndirilənlər arasında prosessual müqavilənin tərtib edilməsi ilə əlaqədar işə bazılmasının başqa vaxta keçirilməsini xahiş ediblər. Vəkillərin bildirdiyi kimi, tərəflər prosessual müqavilə bağlaya bilərlər və cərimənin ödənilməsindən sonra azad olunacaqlar.
Hakim prosessual müqavilənin tərtib edilməsi üçün avqustun 31-nə kimi vaxt verib və həmin günə məhkəmə dinləməsini təyin edib.
Gürcüstan dəniz sərhədçiləri Türkiyədən Abxaziyaya gedən "Buket" tankerini ötən bazar ertəsi saxlayıblar. Tankerin ekipajı 17 nəfərdən ibarətdir, onlardan 13-ü Türkiyə, dördü isə Azərbaycan vətəndaşıdır.
Tankerin kapitanına "Gürcüstanın dövlət sərhədini dəfələrlə pozması və işğal olunmuş ərazidə dənizçilik qaydalarının pozulması" maddəsilə ittiham irəli sürülüb. Gürcüstan DİN-in məlumatına əsasən, gəmidə qaçaqmalçılıq yolu ilə daşınan 2 min ton benzin və 700 ton dizel yanacağı olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]