...

Türkmənistan gücləndiyini göstərmək istəyir – avropalı ekspert

Siyasət Materials 31 Avqust 2009 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir V.Javoronkova /

Enerji məsələləri və MDB ölkələri üzrə avropalı ekspert Aleksandr Pap hesab edir ki, Prezident Qurbanqulu Berdimuhammedovun Xəzərin sahilində hərbi dəniz bazasının inşası planları haqqında bəyanatı Türkmənistanın güclənməsindən və öz maraqlarını bildirməsindən xəbər verir.

"Berdimuhammedov digər dövlətlərə göstərmək istəyir ki, Türkmənistan güclənib və öz maraqlarını qoruyacaq", - Trend -a Berlindən telefonla Almaniyanın Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" Mərkəzinin direktoru Pap bildirib.

"Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi dəniz bazasını yaradacaq", - bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Berdimuhammedov bildirib. Məlumatı RİA Novosti yayıb.

Berdimuhammedov hərbi və hüquq-mühafizə nazirlikləri və idarələrinə "qaçaqmalçılar, terrorçular və Türkmənistanın dövlət dəniz sərhədini pozmağa çalışan və ya orada qeyri-stabil vəziyyət yaratmaq istəyən digər qüvvələrə qarşı səmərəli mübarizə aparmağı" tapşırıb.

Pap hesab edir ki, Türkmənistan Prezidentinin bazanın yaradılması barədə bəyanatı açıq-aşkar onun Xəzər dənizinin bölünməsi üzrə danışıqlardan narazı qalmasını göstərir.

Türkmənistan Xəzərdə digər dövlətlərlə sərhədini hələ müəyyənləşdirməyib. Xəzərin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birilərinə qarşı heç bir tələbləri yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşməsi üzrə bir fikrə gəliblər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.

"Mən Xəzərə görə ciddi hərbi münaqişələrin başlanmasını təsəvvür etmirəm, amma Bakı və Aşqabad arasında 90-cı illərin sonunda mübahisələr olmuşdu", - ekspert bildirib.

O, Berdimuhammedovun bəyanatını hər hansı bir aqressiv siqnal hesab etmir.

"Türkmənistan son illər ərzində izolyasiyada olub və hər şeyi kənardan müşahidə edib. Lakin hazırda Aşqabad "Nabukko" layihəsinə, Transxəzər və Xəzəryanı qaz kəmərləri layihələrinin inşasına maraq göstərməyə başlayıb", - Pap bildirib.

"Bundan əlavə, Türkmənistan başçısı digər dövlətlərə dövlətinin möhkəmləndiyini və öz maraqlarını qoruyacağını, eyni zamanda, digər ölkələrinin Türkmənistanın qaz kəmərlərinin inşasında maraqlı olmasını göstərmək istəyir", - ekspert bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Papın fikrincə, Berdimuhammedovun bəyanatı Xəzərin sərhədlərinin delimitasiyası məsələsinə də təsir göstərəcək.

"O qəti şəkildə bəyan edir ki, Türkmənistanın da şəxsi mövqeyi var və bu, Rusiya və İranın mövqeyindən çox yaxşıdır", - ekspert qeyd edib.

Pap hesab edir ki, Türkmənistanın mövqeyi ondan ibarətdir ki, o təkcə dənizin dibinin deyil, eyni zamanda Xəzərin su həcminin də tez bir zamanda bölünməsini istəyir. Türkmənistan Avropaya yeni qaz kəmərinin salınması üzrə bütün hüquqi və siyasi imkanlara malik olmaq istəyir.

Ekspertin fikrincə, Türkmənistan təkcə Çinə deyil, eyni zamanda Qərbə çıxış axtarır.

"Hələlik o, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi səbəbindən boru kəmərləri çəkə bilmir, - Pap bildirib. - Bu, Türkmənistanın artıq sakit müşahidəçi olmadığı və Aşqabadın indi təşəbbüsləri öz əlinə alacağı barədə bir xatırlatmadır".

Xəzərin statusu SSRİ dönəmində 1921 və 1940-ci illər Sovet-İran razılıqlarına əsaslanıb. Yeni hüquqi statusun yaradılmasına dair danışıqlar prosesi indiyədək davam etdirilir və bir sıra ölkələr ikitərəfli müqavilələr bağlayıb. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzər dənizinin şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə imzalanıb, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də Qazaxıstan, Azərbaycan və Rusiya arasında 14 may 2003-cü ildə Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb.

İran da öz növbəsində dənizin bərabər hissələrə bölünməsini təklif edib (hər tərəfə 20 faiz). Azərbaycan dənizin bu prinsip əsasında bölünməsindən imtina edib (Bu variantda Azərbaycanın Xəzər hissəsinin üçdə bir hissəsi İranın tabeliyinə keçərdi).

Sahilyanı dövlətlər 2003-cü ilin noyabr ayında Tehranda Xəzər dənizinin müdafiəsi üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

Xəzərin yeni hüquqi statusunun konvensiyaya müvafiq olaraq nizamlanması planlaşdırılır, onun mətni xüsusi işçi qrupunun iclaslarında razılaşdırılır.

Qazaxıstanın hüquqi status üzrə mövqeyi Xəzərə BMT konvensiyasının rejim və dənizin müxtəlif hissələrinin eninə aid 1982-ci il dəniz hüququ üzrə ayrıca əsasnamələrini tətbiq etməkdən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti