...

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 18 Sentyabr 2009 18:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları sülh, əmin-amanlıq və bərabərlik yoluna dəvət edir, mənəvi-əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.

Xalqımız həmişə milli mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, Azərbaycan İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Təsadüfi deyildir ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Müsəlman dünyasının ayrılmaz parçası olan ölkəmizdə milli-dini mərasimlər, o cümlədən Ramazan bayramı xüsusi təntənə ilə qeyd olunur. Allah və din qarşısında vicdani borcunu ləyaqətlə yerinə yetirən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bayram fərəhini məmnunluqla bölüşür, dövlətimizin, xalqımızın əmin-amanlığı və rifahı üçün diləklər edirlər. Ölkəmizin hər yerində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu mübarək Ramazan günlərində bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, dualarınızın çin olmasını Uca Yaradandan arzu edirəm.

Əziz bacı və qardaşlarım!

Cəmiyyətimizdə dostluq, qardaşlıq və həmrəylik duyğularını daha da gücləndirən, insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayını hər il olduğu kimi, bu il də böyük qürur hissi və könül xoşluğu ilə yola salırıq. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti