Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN-in rəsmi saytının məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" və "İveco" markalı 2 sərnişin avtobusu toqquşub.
"Daewoo" markalı avtobusun sürücüsü 1954-cü il təvəllüdlü Ramiz Cümşüd oğlu Seyfullayev, həmin avtobusda olan 1 nəfər sərnişin və "İveco" markalı avtobusda olan 1 nəfər sərnişin həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər həmin şəxslərin cəsədlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bu gün səhər saat 7.30 radələrində, "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında 106 və 165 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qəza zamanı hər iki avtobusun sürücüsü hadisə yerində keçinib.