...

Azərbaycan Prezidenti Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Siyasət Materials 12 Fevral 2010 17:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Azərbaycan Prezidenti Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və kompleks ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, kompleksin inşasına 2006-cı ildə başlanıb.

Ümumi ərazisi 5,5 hektar olan Olimpiya-İdman Kompleksi əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3 kottecdən və digər yardımçı binalardan ibarətdir. Örtülü idman meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın içindəki 1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484 kvadratmetrdir. Bu meydançada voleybol, basketbol, həndbol, güləş, boks yarışları keçiriləcək. Bundan əlavə, binanın daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları var.

Üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada 192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, soyunub-geyinmə otaqları, həkim otağı, bufet, duş və sair xidmət otaqları var. Mini futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri olan tribuna, soyunub-geyinmə, həkim və hakim, duş və sair xidmət otaqları daxildir.

Kompleks üçün artezian quyusu qazılıb, su nasosu quraşdırılıb və iki su anbarı tikilib. Havalandırma sistemləri ilə təchiz edilmiş kompleksə daxil olan bütün tikililərin fasadına alkapon üzlük çəkilib. Kompleksin həyəti abadlaşdırılıb, yaşıllıq salınıb və gül kolları əkilib.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb, onları yeni idman qurğusunun istifadəyə verilməsi münasibətilə təbrik edib.

Şəhər ictimaiyyətinin nümayəndəsi Şəhla Hacıbalayeva ağdaşlılar adından dövlətimizin başçısına minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti