...

2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olub və bu, artıq reallıqdır - Prezident İlham Əliyev

Siyasət Materials 13 Fevral 2010 01:21 (UTC +04:00)
2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olub və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.
2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olub və bu, artıq reallıqdır - Prezident İlham Əliyev

2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olub və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

"2009-cu ildə Azərbaycan vətəndaşları demək olar ki, böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı. Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və bunu da edirik. Hamımız bilirik ki, 2009-cu ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün layihələrin icrası davam etdirildi" Prezident bildirib.

Prezidentin sözlərinə görə, 2009-cu ildə iqtisadiyyatımız, ən yüksək templərlə artıbdır. 2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə də Azərbaycan dünya miqyasında birinci sıradadır.

"Bizim iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin inkişafını təmin edən və göstərən vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu məqsədlə bütün layihələr plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi uğurla icra edilir. Əminəm ki, biz 2013-cü ilə qədər bu proqramın uğurlu icrasına nail olacağıq" dövlət başçısı çıxışında qeyd edib.

Prezident gözəl mərkəzin açılışı münasibətilə ictimaiyyəti ürəkdən təbrik edib.

"Heydər Əliyev Mərkəzinin binası doğrudan da çox gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda, müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur. Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə istifadə etsin.

Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, eksponatlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir. Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz 1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar. Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi. Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur" İlham Əliyev deyib.

Prezident əfsusla bildirib ki, xalqımız üçün ən çətin anlarda, Sovet İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər.

"Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki, bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə çevrildi . 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir. Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik. Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq" Prezident çıxışında vurğulayıb.

Dövlət başçısı deyib ki, 2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi - həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları istifadəyə verildi.

"Bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılır, gözəl binalar tikilir. Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında da bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıbdır. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir, yaxşı nəticələr göz qabağındadır. Bu gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün, kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir. Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.

Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının, digər sahələrin, emal sahələrinin inkişafı üçün lazımi tədbirlər görülür. Mən ümid edirəm ki, Göyçay həmişə olduğu kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi inkişaf sahəsində ön sıralarda olacaqdır. Bütün bu işləri görmək üçün əlbəttə ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik vardır və mən ümid edirəm ki, Göyçayın uğurlu inkişafı növbəti illərdə davam edəcəkdir. Bu işlərdə sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün işlər yüksək səviyyədə aparılsın. Bir daha gözəl, möhtəşəm, əzəmətli Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi təbrik edirəm" İlham Əliyev çıxışının sonunda bildirib.

Xəbər lenti

Xəbər lenti