Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/
Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin məruzəçiləri Matias Yorş və Kastroit İslam Gürcüstan Parlamentindəki görüşdə ölkədəki milli azlıqların vəziyyəti barədə ətraflı məlumat alıblar.
Xüsusilə də parlamentin vitse-spikeri Georgi Sereteli deyib ki, AŞ PA məruzəçilərinin son səfərindən sonra ölkədə bu istiqamətdə dəyişiklik var və Gürcüstan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Parlamentin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Georgi Arsenişvili diqqəti konkret məsələlərə cəmləşdirib.
"Milli azlıqların hüquq müdafiəsi məsələsinin geniş spektri bir çox qanunlarda əks olunub. Bu planda qanunvericilikdə bir çox işlər görülüb, lakin hələ ediləsi işlər də çoxdur", - Arsenişvili deyib.
Təhsil və mədəniyyət komitəsinin sədri Georgi Qabaşvili təhsil haqqında qanuna edilmiş düzəlişlər barədə danışıb. Bu düzəlişlər azərbaycanlı və erməni milliyətindən olan tələbələrə öz doğma dillərində qəbul imtahanı verməyə imkan verir.
Parlamentdə yerli seçkilərin monitorinqi üçün yaradılan interfraksiyaçı qrupun rəhbəri Quram Çaxvadze AŞ PA nümayəndələrinə qrupun fəaliyyəti barədə danışıb.
Onun sözlərinə görə, hamı bu seçkilərin mənasını yaxşı başa düşür və hər kəs seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsində maraqlıdır.
"Buna görə də biz seçkilərlə bağlı olan və həmin məsələlərlə maraqlanan hər kəslə əməkdaşlıq edirik", - Çaxvadze deyib.
Matias Yorş Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini yüksək qiymətləndirib.
Yorş və İslam bu səhər Gürcüstanı tərk edib.